Həkimlər cərrahi əməliyyatları sosial şəbəkələrdə yaymalıdırmı?

ÖLKƏ
20:07 / 24.11.2023
418

Texniki imkanlar inkişaf etdikcə, həkimlər tərəfindən müxtəlif əməliyyatların, doğuş prosesinin video və fotoçəkilişlərinin sosial şəbəkələrdə paylaşılmasının sayı da durmadan artır. 

"Ağ xalatlı mələklərin" belə paylaşımlarının məqsədi özlərini tanıtmaq və yeni "müştərilər" hesabına daha çox qazanc əldə etməkdir. Bəs bu addım hər bir həkimin ali təhsil ocağını bitirərkən içdiyi müqəddəs Hippokrat andına nə qədər uyğundur?

Tibb eksperti Rasif Bağırov Hit.az a şərhində bildirib ki, Hippokrat andında yazılıb ki, həkim kiminsə xəstəliyi barədə kiməsə məlumat verə bilməz:

 "Yalnız hüquq-mühafizə orqanlarına hansısa məsələni araşdırmaq üçün bu məlumat verilə bilər. Ancaq kiminsə xəstəliyinin deyilməsi həm ictimai prinsiplərə zidd bir haldır, həm də insan haqlarının pozulması deməkdir. Vətəndaş istəməz ki, onun xəstəliyi barədə kiməsə məlumat verilsin. Həkim xəstənin sirrini açırsa, bu zaman həm xəstənin hüquqları pozulur, həm də cəmiyyətin ümumi sosial-psixoloji durumuna təsir edir.

 Cərrahi əməliyyat o zaman çəkilməlidir ki, çox mürəkkəb bir əməliyyat aparılsın. Bu proseslər çox zaman Avropada, Amerikada həyata keçirilir. Əməliyyat dünya üçün əhəmiyyətlidirsə, lentə alınmalıdır. Elə əməliyyatlar xüsusi kasetlərə yazılır. Azərbaycanda da belə əməliyyatlar var. Əməliyyat elmi əhəmiyyətlidirsə, çəkilə bilər".

Həmsöhbətimiz hesab edir ki, sosial əhəmiyyətli əməliyyatların çəkilməsi və sosial şəbəkələrdə paylaşılması qanunsuzdur. Çünki belə çəkilişlər cəmiyyətin psixikasına zərər vura bilər: 

"Bu, insan hüquqları ilə bağlı məsələdir. Mən vətəndaşlara məsləhət görərdim ki, nə əməliyyatlarının çəkilməsinə icazə versinlər, nə də belə çəkilişlərə baxsınlar. Qaldı ki, həkimin belə çəkilişlərlə tanınması, yaxşı həkim onsuz da tanınır".

Sevinc

0