Yeni nəsil sahibkarların yetişdirilməsi: Nitq və ünsiyyət bacarıqları üzrə təlimlər tamamlandı

ÖLKƏ
10:23 / 08.08.2024
49

Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yeni nəsil sahibkarlarının yetişdirilməsi:biznesin və innovasiyaların idarə edilməsi üzrə təlimlər” layihəsini uğurla həyata keçirir. Layihənin məqsədi biznes ideyaları olan gənclərin bilik və bacarıqlarını artırmaq və ideyalarını inkişaf etdirməkdə dəstək olmaqdır.

Layihənin fəaliyyət planına uyğun olaraq, növbəti mərhələdə 1 aylıq “Nitq və ünsiyyət bacarıqlarının qurulması” mövzusunda 4 təlim baş tutub. Natiqlik və ünsiyyət üzrə mütəxəssis, ÜTÜ Qrup MMC-nin rəhbəri Zaur Cahangirov  tərəfindən təqdim edilən bu sessiya iştirakçılara təqdimat bacarıqları, özünütəqdimat, səs monotonluğu, bədən dili, hekayələşdirmə və digər müvafiq mövzular üzrə dərin biliklər təqdim edib. Təlimlər çərşivəsində həayata keçirilən diksiya məşqləri zamanı iştirakçılar dil bacarıqlarını inkişaf etdirib, təqdimatları daha da təsirli etmək üçün vacib texnikaları öyrəniblər. Təlimlərdə, həmçinin, ağız tənbəlliyinin aradan qaldırılması, tələffüz qaydaları, həyəcanın idarə olunması, çıxışa hazırlıq və nəfəs məşqləri kimi vacib məsələlər ətraflı şəkildə müzakirə olunub.

Layihə çərçivəsində Beynəlxalq Əmək Təşkilatının rəsmi təlimçisi Saleh Həsənov ideya və araşdırma, bazar araşdırmasının qanunları, satış planlanmasının prinsip və funksiyaları, SMM (reklam strategiyası) və digər mövzularla bağlı təlim keçib, iştirakçıların biznes ideyaları ilə bağlı geniş müzakirələr apararaq, onlara bu istiqamətdə mentorluq edib.

Ötən ay ərzində layihə iştirakçıları 17 illik təcrübəyə söykənən uğur hekayəsi ilə də tanış olublar. Belə ki, layihənin qonağı olan sahibkar xanım, Reklam və Marketinqin İnkişafına Dəstək İB-nin və "Art Mood" Reklam Agentliyinin rəhbəri Xəyalə Mütəllimova gənclərləni fikir və dəyərləndirmələri, təcrübə və tövsiyələrini bölüşüb, onları düşündürən və maraqlandıran suallara cavab verib. Nəticədə iştirakçılar öz biznes ideyalarını daha əminliklə həyata keçirmək üçün motivasiya və praktiki məsləhətlər əldə ediblər ki, bu da onların fəaliyyətini daha uğurlu edəcək.

Təlimlərin interaktiv və maraqlı keçirilməsi onların müzakirələrdə aktiv iştirakını təmin edib. Layihə iştirakçıları arasında sahibkarlıqla məşğul olan şəxslər və universitetlərin fəal tələbələri yer alıb. 

Sevinc Fədainin rəhbərlik etdiyi layihə iştirakçılara biznes və innovasiyalar sahəsində dəyərli biliklər qazandırmaqda, onların təşəbbüskarlıq və liderlik keyfiyyətlərini gücləndirməkdə davam edir.

0