Avropa İttifaqı ölkələri çoxsaylı insan itkisinə səbəb ola biləcək genişmiqyaslı hibrid hücum ssenarisinə hazırlaşır. Aİ-nin 27 ölkəsinin səfirləri belə bir hücum baş verəcəyi təqdirdə qurumun və NATO-nun necə hərəkət etməli olduğunu müzakirə edirlər.
HİT.az “Politico”ya istinadən xəbər verir ki, diplomatlar son həftələrdə mümkün hücuma reaksiyanı telefon və köməkçilərin iştirakı olmadan, məhdud formatda müzakirə ediblər. Danışıqlar avqust ayında Leypsiq hava limanında partlayıcı maddə daşıyan dronun aşkarlanmasından sonra intensivləşib.
Aİ son illərdə kiberhücumlar, seçkilərə müdaxilə və diversiya kimi hibrid təhdidlərə qarşı müxtəlif mexanizmlər hazırlayıb. Lakin hazırda əsas diqqət çoxsaylı insan tələfatı ilə nəticələnə biləcək daha ağır hücum ehtimalına yönəlib.
Aİ rəsmilərindən biri belə bir insidentin artıq istisna edilmədiyini bildirib. Onun sözlərinə görə, Leypsiqdə baş verən hadisə Avropanın ciddi hücumlara hazırlıqlı olmasının vacibliyini göstərib.
Müzakirələr zamanı fövqəladə hallara cavab qruplarının yerləşdirilməsi, zərərçəkən ölkəyə Aİ vəsaitlərinin ayrılması və böhran zamanı Avropa qurumlarının rəhbərlərinin koordinasiyalı kommunikasiya aparması kimi məsələlər də gündəmə gəlib.
Bununla yanaşı, Aİ ilə NATO arasında səlahiyyət bölgüsü ilə bağlı fikir ayrılıqları mövcuddur. Bəzi ölkələr Aİ-nin təhlükəsizlik sahəsində NATO-nun funksiyalarını təkrarlaya biləcəyindən narahatdır. Keçmiş NATO sözçüsü Oana Lungesku qərarvermədə mümkün qarışıqlıq və təkrarlanmanın böhrana reaksiyanı ləngidə biləcəyini vurğulayıb.
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen isə Aİ ölkələrinin genişmiqyaslı hücum zamanı fəaliyyətlərini əlaqələndirməsinə imkan verəcək “fövqəladə təhlükəsizlik protokolu” yaradılmasını təklif edib. Bu təşəbbüsün noyabrın əvvəlində açıqlanması gözlənilən yeni Avropa təhlükəsizlik strategiyasına daxil edilə biləcəyi bildirilir.
Eyni zamanda bəzi diplomatlar yeni mexanizmlərin yaradılmasına ehtiyatla yanaşır və artıq mövcud olan böhran idarəetmə vasitələrindən daha fəal istifadə edilməsini təklif edirlər.
Samir


