Çexiyanın məşhur avtomobil istehsalçısı “Skoda” öz tarixikində ilk dəfə olaraq xarici cərəyan mənbəyindən şarj olunmağa ehtiyac duymayan tam hibrid (Self-Charging Hybrid) texnologiyalı yeni “Octavia” modelini rəsmən nümayiş etdirib.
Hit.az xəbər verir ki, markanın ən çox satılan brendləri sırasında yer alan bu populyar model həm “Liftback”, həm də universal “Combi” gövdə seçimləri ilə təklif olunacaq.
Yenilənmiş hibrid aqreqat 1.5 litrlik “TSI evo2” benzin mühərriki ilə iki elektrik mühərrikini təkötürməli avtomatik şanzıman çətiri altında birləşdirir. Üstəlik, avtomobil yol və sürüş şəraitindən asılı olaraq tam elektrikli, seriyalı və paralel rejimlər arasında avtomatik keçid edir. Nəqliyyat vasitəsi daxili yanma mühərrikini işə salmadan, yalnız batareya enerjisi ilə təxminən 2 kilometr məsafə qət edə bilir.
Həmçinin, istehsalçı yeni model üçün 100 km məsafəyə ortalama cəmi 4.3 litr yanacaq sərfiyyatı vəd edir. Avtomobil alıcılara iki fərqli güc variantında - 136 at gücü və 170 at gücü modifikasiyalarında təqdim olunacaq.
Mühəndislər hibrid sistemin batareya və komponentlərini avtomobilə yerləşdirərkən onun funksionallığını qoruyub saxlamağı bacarıblar. Model “Liftback” versiyasında 460 litr, “Combi” (universal) variantında isə 485 litrlik geniş baqaj tutumu təklif edir.
Zənginləşdirilmiş “Selection” və daha idman üslublu “Sportline” komplektasiya paketləri ilə çıxarılan model üçün bu aydan etibarən sifarişlərin qəbuluna başlanılacaq. Avtomobillərin alıcılara ilk təhvil verilmə prosesi isə cari ilin dekabr ayında həyata keçiriləcək.
Pərviz




