Uşaq əyləncəsi niyə bu qədər bahadır?

SOSİAL
16:35 / 07.10.2026
164

Uşağın gözündə əyləncə mərkəzində bir neçə saatlıq oyun sadəcə əylənməkdir. 

Valideyn üçün isə həmin bir neçə saat bəzən ciddi büdcə hesablamasına çevrilir. Bir atraksion, ardınca digər oyun, üstəlik yemək və içki. Uşağın “bir də buna minək” istəyi artdıqca hesab da böyüyür.

Bu gün bir çox valideyn uşağını əyləncə mərkəzinə apararkən ilk növbədə uşağın nə qədər əylənəcəyini yox, “görəsən, bu gün nə qədər pul xərcləyəcəyik?” sualını düşünür. Çünki uşaqlar üçün adi görünən bir əyləncə valideyn büdcəsində heç də adi xərc olmaya bilər.

Onu da qeyd edək ki, qiymətlər mərkəzin yerləşdiyi əraziyə, məkanın səviyyəsinə, təqdim etdiyi xidmətlərə və statusuna görə dəyişir. Bəzi əyləncə mərkəzlərində qiymətlər saat hesabı müəyyən edilir və 1 saatlıq əyləncə 5 manatdan başlayır. Daha bahalı məkanlarda isə bu rəqəm 10, hətta 20 manata qədər yüksələ bilir. Bununla yanaşı, bütün atraksionlar saatlıq ödənişlə işləmir. 

Bəzi oyun və əyləncə qurğularında qiymət dəqiqə ilə hesablanır. Məsələn, bir neçə dəqiqəlik atraksion üçün 3-5 manat ödəmək lazım gəlir. Beləliklə, uşaq əyləncə mərkəzində cəmi yarım saat vaxt keçirsə belə, valideynin xərci yalnız giriş haqqı ilə məhdudlaşmaya bilər. Uşaq bir neçə fərqli atraksionu sınamaq istədikdə ümumi məbləğ 30-40 manata, bəzi məkanlarda isə daha yüksək rəqəmə çata bilər. 

Yəni valideyn üçün məsələ təkcə “bir saatın qiyməti neçə manatdır?” sualından ibarət deyil. Əsas məsələ uşağın əyləncə müddəti və hansı atraksionlardan istifadə etməsindən asılı olaraq yekun hesabın nə qədər olmasıdır. 

Sevinc

0