Cənubi Koreyanın nəhəng avtomobil brendi “Hyundai” özünün ən çox satılan krossover modellərindən biri olan “Tucson”un beşinci nəslini rəsmən nümayiş etdirib.
Hit.az xəbər verir ki, tamamilə yenilənmiş eksteryer dizaynı, böyüdülmüş qabaritləri və rəqəmsallaşdırılmış interyeri ilə diqqət çəkən yeni model dizel mühərriklərindən imtina edərək hibrid texnologiyalarına üstünlük verib.
Yeni “Tucson” brendin “Art of Steel” adlı təzələnmiş dizayn fəlsəfəsi əsasında hazırlanıb. Əvvəlki nəsillə müqayisədə avtomobilin uzunluğu 50 mm artaraq 4.560 mm-ə, təkər bazası isə 40 mm artımla 2.720 mm-ə çatdırılıb.
Maşının qabaq hissədə “H-Edge” konseptual işıqlandırma bloku yer alır. Arxa tərəfdə isə müxtəlif animasiyalar əks etdirmək qabiliyyətinə malik, 25.600 müstəqil LED elementindən ibarət üçölçülü işıqlar diqqəti cəlb edir. Bundan başqa, sifarişçilərə 17 düymdən 20 düymədək dəyişən yeni yüngül lehimli disk variantları təqdim olunur.
Avtomobilin daxili məkanı markanın “Ioniq 3” elektrik modelinin daxili tərtibatından ilhamlanaraq hazırlanıb. Minimalist üslubda qurulan salonda fiziki düymələrin sayı maksimum dərəcədə azaldılıb. Həmçinin, sürücü hissəsində 9.9 düymlük rəqəmsal göstəricilər paneli və mərkəzdə 17 düymədək böyüyə bilən multimediya displeyi yerləşdirilib.
Eyni zamanda, avtomobil “Android Automotive” bazasında çalışan “Pleos Connect” sistemi “Gleo AI” süni intellekt köməkçisi və mütəmadi mərkəzləşdirilmiş distant yenilənmə (OTA) dəstəyi ilə təchiz edilib. Təhlükəsizlik sistemləri arasında da 30 km/saat sürətədək qət edilən marşrutu yaddaşında saxlayan və maşını avtomatik olaraq geriyə park edən “Memory Reverse Assist” texnologiyası xüsusi yer tutur.
Üstəlik, yenilənmiş “Tucson” sırasından dizel aqreqatları tamamilə çıxarılıb. Daxili yanma mühərrikli baza versiyada tanış 1.6 litrlik T-GDI benzin aqreqatı öz yerini qoruyub saxlayır. Ətraf mühitə həssas olan alıcılar üçün isə 1.6 litrlik benzin mühərrikini 17.1 кVt/saatlıq batareya ilə birləşdirən, 238 və 288 at gücü hasil edən “Plug-in Hybrid” versiyalar təklif olunur. Nəqliyyat vasitəsinin baza komplektasiyaları mexaniki ötürmələr qutusu ilə gəlsə də, digər versiyalarda 6 pilləli tam avtomat, tam ötürməli (4x4) modifikasiyalarda isə 7 pilləli iki muftalı şanzıman tətbiq edilir.
Modelin rəsmi satış qiymətləri hələlik elan olunmayıb. Tamamilə yenilənən modelin ilk olaraq beynəlxalq bazarlara, 2027-ci ilin əvvəllərindən etibarən isə bölgə ölkələrinin satış salonlarına çıxarılması nəzərdə tutulur.
Pərviz






