ABŞ Rusiyanın ticarət tərəfdaşlarına qarşı əlavə iqtisadi təzyiq imkanlarını nəzərdən keçirir.
Energetika naziri Kris Raytın sözlərinə görə, Vaşinqton bu məsələ ilə bağlı qərarı oktyabrın 18-dək açıqlaya bilər. O, bu barədə “CBS News”a müsahibəsində danışıb. Rayt bildirib ki, yekun qərarı Prezident Donald Tramp verəcək və mümkün addımların nəticələrini qiymətləndirir.
Nazir konkret olaraq tariflərin tətbiq ediləcəyini təsdiqləməsə də, administrasiyanın Ukrayna müharibəsinə son qoymaq üçün müxtəlif təzyiq vasitələrini nəzərdən keçirdiyini qeyd edib. Yeni tədbirlər qəbul olunarsa, Rusiyadan enerji və digər məhsullar alan ölkələr də dolayı təsirlə üzləşə bilər.
Bəs mümkün sanksiyalar Rusiyanın hansı əsas ticarət tərəfdaşlarına təsir göstərəcək və bunun Azərbaycan iqtisadiyyatı üçün real nəticələri ola bilərmi?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, ABŞ-nin Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyalar tətbiq etmək ehtimalı ilk növbədə Rusiya ilə böyük həcmdə enerji və digər strateji ticarət aparan ölkələr üçün risk yaradır:

“ABŞ-nin energetika naziri Kris Rayt bu məsələdə son qərarın oktyabrın 18-dək verilə biləcəyini istisna etməyib və Prezident Donald Trampın qərar qəbul etməzdən əvvəl mümkün iqtisadi nəticələri qiymətləndirdiyini bildirib. Ən çox risk altında olan ölkələr sırasında Rusiya neftinin iri alıcıları olan Çin və Hindistan xüsusi yer tutur. ABŞ qanunvericiliyinin verdiyi imkanlar çərçivəsində Rusiyadan əhəmiyyətli həcmdə neft və qaz alan ölkələrə yüksək tariflərin tətbiqi nəzərdə tutula bilər. ABŞ administrasiyasının öz açıqlamalarında da məhz Çin və Hindistan əsas potensial hədəflər kimi göstərilir”.
Onun sözlərinə görə, məsələ yalnız Çin və Hindistanla məhdudlaşmır:
“Rusiya ilə enerji, maliyyə və ticarət əlaqələrini davam etdirən Türkiyə, eləcə də bəzi Yaxın Şərq və Asiya ölkələrinin də konkret sanksiya mexanizmindən asılı olaraq risk zonasına düşmə ehtimalı var. Burada əsas məsələ ölkənin Rusiya ilə ticarət aparması deyil, ABŞ-nin müəyyən etdiyi sanksiya meyarlarına hansı əməliyyatların və şirkətlərin daxil ediləcəyidir.
Azərbaycan üçün birbaşa riskin Çin və Hindistanla müqayisədə daha məhdud olması gözlənilir. Azərbaycan Rusiya ilə əhəmiyyətli ticarət əlaqələrinə malikdir, lakin 2026-cı ilin ilk yarısında iki ölkə arasında ticarət dövriyyəsi 31,4 faiz azalaraq 1,73 milyard dollara düşüb.
Rusiyadan Azərbaycana idxal 1,12 milyard dollar, Azərbaycanın Rusiyaya ixracı isə 608,6 milyon dollar təşkil edib. Bununla belə, dolayı təsirlər mümkündür. Əgər ABŞ sanksiyaları Rusiyanın əsas enerji alıcılarına təzyiq göstərərsə, Rusiya neftinin dünya bazarına çıxışının məhdudlaşması neft qiymətlərini yüksəldə bilər”.
Ekspert hesab edir ki, bunun Azərbaycan üçün ixrac gəlirləri baxımından müsbət effekt yaratma ehtimalı var:
“Digər tərəfdən, Rusiya ilə ticarət aparan Azərbaycan şirkətləri ödənişlər, bank əməliyyatları, logistika və sığorta sahəsində əlavə risklərlə üzləşə bilərlər. Xüsusilə bank sektorunda ehtiyatlılığın artması mümkündür. ABŞ və Avropa maliyyə sistemləri ilə işləyən banklar Rusiyaya bağlı əməliyyatların ikinci dərəcəli sanksiya riski yaratmamasına daha ciddi nəzarət edə bilərlər. Bu isə Azərbaycan şirkətlərinin Rusiya ilə qanuni ticarət əməliyyatlarının belə daha çox yoxlamadan keçməsinə və əməliyyat xərclərinin artmasına gətirib çıxarar.
Yəni Azərbaycan üçün əsas təhlükə ABŞ-ın avtomatik olaraq Azərbaycanı sanksiya siyahısına salması deyil. Daha real risk Rusiyaya tətbiq edilən sanksiyaların ticarət, bankçılıq, logistika və ödəniş kanalları vasitəsilə Azərbaycandakı şirkətlərə dolayı təsir göstərməsidir. Eyni zamanda, sanksiyalar Rusiya neftinin qlobal təklifini azaldarsa, yüksək neft qiymətləri Azərbaycan üçün bu mənfi təsirlərin bir hissəsini kompensasiya edə bilər”.
Sevinc

