ABŞ Prezidenti Donald Tramp növbəti dəfə iddialı açıqlama verib.
O, Rusiya - Ukrayna müharibəsinin tezliklə başa çatacağını söyləyib. Trampın sözlərinə görə, artıq savaş sona yaxınlaşır. Ağ Ev rəhbəri hazırda bu istiqamətdə çalışdığını deyib.
Lakin onun bu açıqlaması birmənalı qarşılanmayıb. Çünki Donald Tramp ikinci dəfə ABŞ prezidentliyinə namizəd olanda Rusiya-Ukrayna müharibəsini 24 saata bitirəcəyini vəd etsə də, hakimiyyətə gəldikdən sonra bunu reallaşdıra bilmədi. İndi də noyabr ayında ABŞ-də keçiriləcək aralıq seçkilərindən öncə belə bəyanatın səslənməsi diqqət çəkir.
Politoloq Yusif Bağırzadə Hit.az-a açıqlamasında bildirib ki, Donald Trampın Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağı barədə nikbin açıqlamasını qiymətləndirərkən iki amili bir-birindən ayırmaq vacibdir:
“Birinci Tramp administrasiyasının həqiqətən diplomatik danışıqları sürətləndirmək cəhdi və ikinci isə ABŞ-də yaxınlaşan aralıq seçkiləri fonunda siyasi mesajların intensivləşməsidir.
Hazırda müharibənin diplomatik yolla başa çatdırılması istiqamətində müəyyən real hərəkətlilik var. ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner sentyabr ayında həm Moskva, həm də Kiyevdə danışıqlar aparıblar.
Ukrayna oktyabr ayında ABŞ və Rusiya ilə üçtərəfli danışıqlara hazır olduğunu açıqlayıb, Moskva da danışıqların bərpası imkanını tamamilə istisna etmir. Lakin əsas məsələlər, xüsusilə ərazi və gələcək təhlükəsizlik təminatları ilə bağlı fundamental fikir ayrılıqları qalmaqda davam edir”.
Onun sözlərinə görə, bu səbəbdən Trampın bəyanatını müharibənin bitməsi barədə əldə olunmuş razılaşmanın elan edilməsi kimi qəbul etmək düzgün olmaz:
“Bunu daha çox Vaşinqtonun danışıqlar prosesini sürətləndirmək niyyətinin siyasi ifadəsi kimi qiymətləndirmək mümkündür. Digər tərəfdən, ABŞ-də noyabr aralıq seçkilərinin yaxınlaşması bu bəyanatların siyasi çəkisini artırır. Tramp administrasiyası seçicilər qarşısında xarici siyasətdə nəticə göstərmək, enerji qiymətlərini və iqtisadi təzyiqləri azaltmaq istəyir.
Son günlər Trampın seçki kampaniyasını intensivləşdirməsi də bu konteksti daha əhəmiyyətli edir. Buna görə müharibənin başa çatacağı barədə nikbin mesajı daxili auditoriyaya hesablanmış siyasi kommunikasiya elementi olaraq da qəbul edə bilərik”.
Politoloq diqqətə çatdırıb ki, əsas problem isə tərəflərin mövqelərinin hələ də bir-birindən uzaq olmasıdır:
“Rusiya ərazi məsələsində ciddi tələblər irəli sürür, Ukrayna isə ərazi güzəştləri müqabilində etibarlı təhlükəsizlik təminatları tələb edir. Eyni zamanda, döyüşlər davam edir və hər iki tərəf qarşıdakı dövrdə hərbi təzyiqi artırmağa hazırlaşır.
Deməli, müharibənin qısa müddətdə başa çatması elə də real deyil. Bunun üçün əvvəlcə atəşkəs mexanizmi, ərazi məsələsi, təhlükəsizlik təminatları və sanksiyaların gələcəyi barədə razılaşma lazımdır. Bu məsələlər isə olduqca mürəkkəb məsələlərdir.
Odur ki, Trampın nə deməsindən asılı olmayaraq müharibənin həqiqətən qısa müddətdə başa çatıb-çatmayacağını bəyanatlar yox, Moskva və Kiyevin əsas məsələlər üzrə güzəştə hazır olub-olmaması müəyyən edəcək”.
Elmir Mustafa



