Bir qadının döyülməsi sadəcə ailə mübahisəsi deyil.
Bir qadının təhqir edilməsi, qorxudulması, itələnməsi, sillələnməsi, yumruqlanması və ya ona xəsarət yetirilməsi “ailə məsələsi” adı altında ört-basdır ediləcək adi hadisə də deyil. Çünki zorakılıq çox vaxt bir anda yaranmır. Bəzən əvvəlcə bir təhqirlə başlayır, sonra hədə gəlir, ardınca itələmə, sillə, yumruq və daha ağır fiziki şiddət gəlir. Susulduqca, bağışlandıqca və “bir də təkrarlanmaz” deyə keçişdirildikcə sərhədlər daha da aşılır.
Son günlər qadınlara qarşı zorakılığın nə qədər ağır nəticələrə gətirib çıxara bildiyini göstərən hadisələr yenidən gündəmə gəlib. Xatırladaq ki, oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı qadın qətlə yetirilib, hadisə ilə bağlı onun həyat yoldaşı şübhəli şəxs kimi saxlanılıb.
Belə xəbərləri oxuyanda ilk sualımız “Nə baş verdi?” olur. Amma bəlkə də daha vacib sual başqadır: Bu hadisədən əvvəl nə baş verirdi? Çünki ağır zorakılığın arxasında bəzən uzun müddət davam edən nəzarət, qorxu, təhqir və fiziki şiddət dayanır. Qadın hər dəfə “keçər”, “uşaqlar üçün dözüm”, “ailəm dağılmasın”, “el-aləm nə deyər?” deyərək susduqda zorakılığın qarşısında görünməz bir divar yaranır. Həmin divarın o biri tərəfində isə zorakılıq edən şəxs getdikcə daha çox cəsarətlənə bilər.
Fiziki zorakılığın ən təhlükəli tərəfi onun sərhəd tanımamasıdır. Bu gün sillə olan şey sabah yumruğa, sabahkı yumruq isə daha ağır xəsarətə çevrilə bilər. Bəzən nəticə xəstəxana, bəzən ömürlük travma, bəzən isə həyatın itirilməsi olur.
Üstəlik, qadına qarşı zorakılıq yalnız həyat yoldaşı tərəfindən törədilmir. Ana, bacı, qız övladı, yaşlı qadın da ailə daxilində fiziki şiddətin qurbanına çevrilə bilər. Bu yaxınlarda oğulun anasına qarşı törətdiyi ağır zorakılıq da göstərir ki, ailə daxilində təhlükə yalnız ər-arvad münasibətləri ilə məhdudlaşmır.
Qadının döyülməsi heç vaxt “əsəbiləşmişdi”, “içkili idi”, “özündən çıxmışdı”, “qısqanclıqdan belə etdi” kimi ifadələrlə izah edilə bilməz. Səbəb nə olur-olsun, fiziki zorakılığın məsuliyyəti onu törədən şəxsin üzərindədir.
Bəzən cəmiyyət də bilmədən zorakılığın davam etməsinə kömək edir. “Ərindir, düzələr”, “ailəni dağıtma”, “uşaqların var, döz”, “qadın bir az səbirli olmalıdır” kimi sözlər qadını qorumaq əvəzinə onu daha uzun müddət təhlükənin içində saxlaya bilər.
Halbuki qadının dözməsi zorakılığı dayandırmır. Zorakılığın qarşısını alan şey susmaq deyil, ona vaxtında sərhəd qoymaq və təhlükəsizliyi təmin etməkdir. Fiziki şiddət görən qadının ən çox ehtiyac duyduğu şeylərdən biri də “sən günahkar deyilsən” cümləsidir.
Heç bir söz, heç bir mübahisə, heç bir ailə problemi bir insanın digərinə fiziki xəsarət yetirməsinə haqq qazandırmır. Qadına qarşı zorakılıq bir qadının şəxsi problemi deyil. Bu, ailənin, uşaqların və bütövlükdə cəmiyyətin problemidir. Çünki zorakılığın şahidi olan uşaq da həmin mühitdən təsirlənir. Evdə şiddət görən uşaq zorakılığı münasibətlərin adi forması kimi qəbul edə və ya uzun illər həmin qorxunun psixoloji yükünü daşıya bilər.
Sevinc


