Rusiya prezidenti Vladimir Putinin SSRİ-ni bərpa etmək istəyi var. Bu səbəbdən təkcə Ukrayna deyil, daha 5 ölkə təhlükə altındadır.
HİT.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri İohan Vadeful Almaniyanın “NTV” telekanalına müsahibəsində bildirib.
O qeyd edib ki, Ukraynadan əlavə, Rusiyanın Gürcüstan, Moldova, Estoniya, Litva və Latviya ilə bağlı ərazi iddiaları var.
Vadeful Putinin 20 il əvvəl verdiyi bəyanatı xatırladıb. Həmin vaxt Rusiya prezidenti Federal Məclisə illik müraciətində Sovet İttifaqının dağılmasını “XX əsrin ən böyük geosiyasi fəlakəti” adlandırıb və bunun Rusiya xalqı üçün “əsl faciə” olduğunu bildirib.
“Əgər bu, ən böyük fəlakət idisə, o zaman o, yəqin ki, bunu düzəltmək istəyir... Hazırda onlar (Baltikyanı ölkələr) Avropa İttifaqı və NATO üzvüdürlər və buna görə də müttəfiq kimi biz də zərər çəkəcəyik”, deyə Almaniyanın xarici işlər naziri bildirib.
Avropa ilə Rusiya arasında gərginlik
Avropa ilə Rusiya arasında gərginlik Rusiyanın Ukraynaya qarşı müharibəsi, hibrid hücumlar və Moskvanın hərbi fəallığının artması fonunda əhəmiyyətli dərəcədə yüksəlib. Avropa ölkələri müdafiə imkanlarını genişləndirir və Rusiya ilə qarşıdurmanın daha da dərinləşməsi ehtimalına qarşı müxtəlif ssenarilərə hazırlaşırlar.
Bununla yanaşı, Rusiya rəsmiləri Avropaya qarşı sərt bəyanatlar verməkdə davam edirlər. Xüsusilə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabr ayında Rusiya ilə Avropa arasında mümkün müharibənin “çox qısa” olacağını bildirib.
Samir


