“Cənab Prezident İlham Əliyev çıxışlarında hər zaman bir amil üzərində dayanır ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi heç kim və heç bir tərəf tərəfindən Azərbaycana hədiyyə edilməyib”.
Bu sözləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərə illər ərzində göstərdiyi qətiyyət və Azərbaycan xalqının bir çox məsələlərdə Qarabağı hər şeyin fövqündə müəyyənləşdirməsi sayəsində nail olub:
“Bu istiqamətdə uğurumuzu təmin edən əsas məsələ ondan ibarətdir ki, Azərbaycan xalqı hər zaman öz Liderinin ətrafında möhkəm birləşib. Xarici və daxili ünsürlərə, müxtəlif rənglərə və çalarlara “yox” deyib. Çünki biz tarixdən dərs çıxarmış bir xalqıq. 30 ilə yaxın zaman çərçivəsində göstərdiyimiz iradə və qətiyyət nəticə etibarilə ərazi bütövlüyü və suverenliyimizin tam bərpasına gətirib çıxardı.
Azərbaycan proseslərə mərhələli şəkildə yanaşırdı. Bu istiqamətdə uğurumuzu təmin edən əsas məsələ ondan ibarətdir ki, dövlət başçımızın şəxsi və liderlik keyfiyyətləri, həmçinin siyasətdə emosional deyil, intellektual şəkildə hərəkət etməsi öz sözünü deyirdi”.
Ekspert xatırladıb ki, illər ərzində keçmiş təsisat olan ATƏT-in Minsk Qrupunun həmsədrləri problemi həll etmək əvəzinə, onu dondurmağa və əbədi etməyə çalışırdılar:
“Azərbaycan isə bu cəhdləri aydın şəkildə görürdü. Çünki əsas amallardan biri də ondan ibarət idi ki, Azərbaycanı separatçı rejimlə üz-üzə qoysunlar, Azərbaycanın legitimliyini şübhə altına alaraq digər separatçı rejimi legitimləşdirməyə çalışsınlar. Azərbaycan isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dörd qətnaməsini özü icra etdi.
Deməli, beynəlxalq hüquq subyekti olaraq BMT nizamnaməsinin elə 51-ci maddəsinə istinad edərək reallıq yaratdı. ATƏT-in Minsk Qrupunu tarixin tozlu səhifələrinə gömərək, 2025-ci ilin avqustunda Vaşinqtonda Ermənistanla paraflanan sülh sazişinin mətni davamlı sülhün təmin edilməsi istiqamətində real addım oldu”.
Politoloq vurğulayıb ki, bu gün Azərbaycan müdafiə və təhlükəsizlik sahələrinə kifayət qədər ciddi vəsait ayırır:
“Həmçinin, valyuta ehtiyatlarımız xarici borcumuzu 20 dəfədən çox üstələyir. Buna görə də bu qədər güclü bir dövlətə təzyiq göstərmək asan məsələ deyil. Azərbaycan ideoloji təzyiqin və basqının da qarşısında möhkəm əsaslarla dayanır. Təhlükəsizliyimizin sərhədlər boyunca önəmindən danışan dövlət başçımız milli təhlükəsizliyin ideoloji amilini də uzaqgörənliklə nəzərə alır.
Bu gün müxtəlif regionlarda milli təsisatlar maraq qruplarının əlində alətə çevrilərək dövlətlərin və xalqların marağını deyil, həmin məkirli qüvvələrin maraqlarını icra edirlər. Azərbaycanın dövlət təsisatları isə dünyəvi əsaslarla fəaliyyət göstərir, heç bir halda ayrı-seçkiliyə icazə vermir. Bu model ilə irəliləyən Azərbaycan bu gün sadəcə öz reallığını deyil, Cənubi Qafqaz reallığını yaradır”.
Elmir Mustafa



