Son günlər toyuq filesi bazarında qiymətlər arasında nəzərəçarpacaq fərq formalaşıb.
Eyni məhsul bəzi satış nöqtələrində kiloqramı 10 manata yaxın qiymətə alıcılara təqdim olunduğu halda, iri marketlərdən bəzilərində file 6 manat civarında satışa çıxarılır. Maraqlıdır, eyni məhsulun qiymətində bu qədər böyük fərq nədən yaranır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Hit.az-a açıqlamasında deyib ki, son vaxtlar pərakəndə satışda həm toyuq filesi, həm də bud ətinin tapılması ilə bağlı müəyyən çətinliklər nəzərə çarpır:

“Belə bir vəziyyətdə məhsulun bəzi satış nöqtələrində bazardakı digər qiymətlərdən xeyli aşağı rəqəmə təklif edilməsi diqqətdən kənarda qalmamalıdır. Xüsusilə də file kimi tələbatın yüksək olduğu məhsulun 6 manata satılması alıcı üçün araşdırılmalıdır”.
Onun fikrincə, marketlərin tətbiq etdiyi endirim kampaniyalarının əsas məqsədi mağazalara daha çox müştəri cəlb etmək və ümumi satış dövriyyəsini artırmaq ola bilər:
“Ancaq mövcud qıtlıq fonunda bu qədər aşağı qiymətin hansı səbəbdən formalaşdığına aydınlıq gətirilməsi vacibdir. Alıcılar seçim zamanı diqqətli olmaq lazımdır. Qablaşdırılmış toyuq filesi alınarkən məhsulun istehsal edildiyi tarix, son istifadə müddəti və digər etiket məlumatları mütləq yoxlanılmalıdır”.
Sevinc


