Məktəb uşağın yalnız dərs aldığı yer deyil, həm də onun xarakterinin, münasibətlərinin və davranışlarının formalaşdığı mühitdir.
Lakin son illərdə məktəblilərin bir-birinə qarşı aqressiv davranışları ciddi narahatlıq doğurur. Bir şagirdin digərini təhqir etməsi, ələ salması, qısnaması, kənarlaşdırması, döyməsi və bütün bunların bəzən daha ağır nəticələrə gətirib çıxarması artıq təsadüfi hadisə kimi qəbul edilə bilməz.
Bulinq kimi başlayan münasibət bəzən fiziki zorakılığa çevrilir. Əvvəlcə bir uşağın digərinə qarşı davamlı təzyiq göstərməsi, onu alçaltması və qorxutması adi məktəb münaqişəsi kimi görünə bilər. Halbuki vaxtında müdaxilə edilmədikdə bu davranış həm zorakılığa məruz qalan, həm də zorakılıq göstərən uşaq üçün ciddi psixoloji nəticələr yarada bilər.
Bəs uşaqlar arasında aqressiya haradan yaranır? Uşaq gördüyü zorakı davranışı təkrarlayırmı? Ailədə diqqət və nəzarətin azlığı, sosial çevrə, internetdə və sosial şəbəkələrdə qarşılaşılan zorakı məzmunlar yeniyetmənin davranışına necə təsir edir?
Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, bir uşağın digərini davamlı şəkildə alçaltması, onunla lağ etməsi, qrupdan kənarlaşdırması və qorxutması böyüklər tərəfindən “uşaqların öz aralarındakı məsələ” kimi qəbul edilirsə, əslində təhlükəli davranışın qarşısı alınmamış olur:

“Burada ən vacib məsələ uşağı yalnız cəzalandırmaq deyil, onun davranışının səbəbini anlamaqdır. Şiddət göstərən uşağa sərhəd qoyulmalıdır, amma eyni zamanda onun niyə bu üsulla ünsiyyət qurmağa başladığı da araşdırılmalıdır. Çünki zorakılığa meyilli davranışın arxasında ailə münasibətləri, sosial çevrə, emosiyaları idarə edə bilməmək, qəbul olunmaq ehtiyacı və başqa amillər dayana bilər.
Valideyn uşağın yalnız qiymətlərini və dərsə davamiyyətini yox, onun məktəbdə kimlərlə ünsiyyətdə olduğunu, hansı münasibətlər yaşadığını və emosional vəziyyətini də izləməlidir. Uşaq qəfil aqressivləşirsə, yaşıdlarından uzaqlaşırsa, daim kimdənsə qorxursa və ya əksinə, başqalarını alçaltmaqdan zövq alırsa, bunlar diqqətdən kənarda qalmamalıdır”.
Psixoloq hesab edir ki, məktəbdə zorakılığın qarşısını almaq üçün müəllim, valideyn, psixoloq və uşağın özü arasında əlaqə qurulmalıdır:
“Çünki zorakılığın qarşısını yalnız hadisə baş verdikdən sonra almaq mümkün deyil. Əsas məqsəd uşağın şiddətə əl atmasına gətirib çıxaran vəziyyəti daha erkən mərhələdə görməkdir. Məktəbdə zorakılıq yalnız döyülmə ilə ölçülmür. Sözlə təhqir, davamlı lağ, təhdid, sosial şəbəkədə alçaltma, qrupdan qəsdən uzaqlaşdırma da uşağın psixoloji təhlükəsizliyini poza bilər.
Buna görə də problemin həlli yalnız cəzanın sərtləşdirilməsində deyil, məktəbdə sağlam münasibət mədəniyyətinin yaradılmasında, uşaqların emosiyalarını idarə etməyi öyrənməsində və böyüklərin ilk siqnallara vaxtında reaksiya verməsində axtarılmalıdır”.
Sevinc


