Bahalaşan qızıl, təxirə düşən toylar – Yeni adətlər yarandı

ÖLKƏ
18:37 / 25.04.2026
50

Qızılın bahalaşması satanı da peşman edir, alanı da. Bu artım dinamikası yuxarı getdikcə ən çox evlənməyə hazırlaşan cütlüklər əziyyət çəkir. Hətta bununla bağlı həyatına qəsd edənlər belə olub.

Lent.az Al Jazeera-ya istinadla xəbər verir ki, Hindistanın nəzarətində olan Kəşmirin Srinagar şəhərində yaşayan Uzma Bəşir gecələrin çoxunu telefonunu yastığının yanında saxlayaraq yatır. O, tez-tez oyanır, amma mesajlara baxmaq üçün yox. Yayda evlənəcəyi üçün qızılın qiymətini izləyir.

29 yaşlı Uzma deyir: “Kəşmirdə qızıl sadəcə bəzək deyil, bu, ləyaqətdir. Gəlinin qayınata evində necə qarşılanacağını müəyyən edir.” O, Srinagarda bir məsləhət şirkətində mühasib işləyir və aylıq gəliri 100 dollardan azdır. Uzma valideynlərinə yük olmamaq üçün toy zinət əşyalarını öz qazancı ilə almaq istəyirdi.

Cənubi Asiyada patriarxal ənənələrin güclü olduğu cəmiyyətlərdə qızıl gəlinlə birlikdə onun yeni evinə gedir. Bu, yalnız bəzək deyil, həm də qoruma vasitəsi sayılır. Çünki çox vaxt qayınata tərəfi gəlinin ailəsindən bahalı cehiz tələb edir.

Uzma deyir: “Bir qadının nə qədər qızılı varsa, onun dəyəri də ona görə ölçülür. Valideynlərim artıq mənim üçün çox şey ediblər. Amma mən bir üzük belə ala bilmirəm. Onun qiyməti təxminən üç aylıq maaşıma bərabərdir.”

Qiymətlər kəskin artıb

Bu il qızılın qiymətinin rekord həddə çatması Cənubi Asiyada zinət əşyalarına tələbatı azaldıb. Yanvarın 29-da qızılın qiyməti 5595 dollara qədər yüksəlib və hazırda təxminən 4861 dollar səviyyəsindədir. Dünyada qızıl istehlakına görə, ikinci yerdə olan Hindistan-da Akşaya Tritiya festivalı zamanı 10 qram qızılın qiyməti 1670 dollara çatıb. Bu isə ötən illə müqayisədə 63 faiz çoxdur. World Gold Council bildirir ki, Hindistanda qızıl zinət əşyalarına tələbat 2025-ci ildə əvvəlki illə müqayisədə 24 faiz azalıb. Qiymətlərin artması toy planlarına da təsir edir. Zərgərlər deyir ki, müştərilər artıq təmiz qızıldan imtina edir. Onlar daha çox imitasiya və ya qızıl örtüklü zinət əşyalarına üstünlük verir.

“Bir qram qızıl” trendi

Uzma Bəşir “bir qram qızıl” adlı yeni anlayışla tanış olub. Bu, əsas metaldan hazırlanır və üzərinə nazik qatla 24 karat qızıl çəkilir. O deyir: “Bu, mənim üçün xilas yolu oldu. Toy günündə taxa bilərəm və heç kim fərqinə varmaz.” Bu seçim artıq bir çox ailə tərəfindən edilir.

O da qeyd edilir ki, toya hazırlaşan və qızıl ala bilməyən bir çox kişi həyatına son verib.

Dehlidə də vəziyyət eynidir

Yeni Dehlinin Laxmi Nagar ərazisində yaşayan Fatimə Bəgüm qızının toyu üçün alış-veriş edir. O, Karol Bagh bazarında imitasiya zinət əşyaları axtarır. Beş uşaq anası olan Fatimə deyir: “Orta gəlirli ailə nə qədər qızıl ala bilər? Mən də xərcləri azaltmaq üçün bir qramlıq qızıl seçirəm.” O əlavə edir ki, 1996-cı ildə evlənəndə atası ona 60 qramdan çox qızıl vermişdi. “İndi qızlarıma bunun yarısını belə verə bilmirəm,” deyə bildirir.

Bazar dəyişir

Mumbayın Zaveri Bazaar bazarında çalışan zərgər Şiv Yadav deyir ki, artıq müştərilərin çoxu süni zinət əşyalarına üstünlük verir. O, deyir: “10 nəfər mağazaya girirsə, yalnız biri qızıl alır. Digərləri imitasiya məhsul seçir. Mən belə dəyişiklik görməmişdim.”

Banqladeşdə də oxşar vəziyyət

Banqladeş paytaxtı Dakada da vəziyyət eynidir. Burada 22 karat qızılın qiyməti rekord həddə çatıb. Bangladesh Jewellers Association məlumatına görə, qızılın qiyməti çox yüksəkdir və bu, əksər insanlar üçün əlçatmaz olub. Sadia İslam deyir: “Artıq əvvəlki kimi rahat qızıl taxa bilmirik. Çox bahadır.” O, təhlükəsizlik səbəbi ilə də qızıldan imtina etdiyini deyir: “Toyda qızıl taxsam, oğurlana bilər.”

Pakistan: qızıl artıq lüksdür

Pakistanda da vəziyyət fərqli deyil. Zərgərlər bildirir ki, qızıl satışları son bir ildə 50 faiz azalıb. Qızılın qiyməti təxminən 540 min Pakistan rupisinə çatıb. Bu isə adi ailələr üçün çox yüksəkdir. Ayşə Xan deyir: “Qızıl taxmaq istəyirik. Amma vəziyyət buna imkan vermir.”

Bu səbəbdən ailələr qızıl örtüklü zinət əşyalarına üstünlük verir.

Kəşmirdə yaşayan Şabana Xan da toy üçün qızıl almaq istəyirdi. Amma qiymətlər buna imkan vermədi. Onun nişanlısı deyir: “Qızıl üçün 6000-7000 dollar xərcləyə bilmərəm.” Onlar da bir qramlıq qızıl seçiblər. Amma hamı bu ideyanı qəbul etmir. Rihanna Əşrəf deyir: “Bu, həqiqi qızıl deyil. Mənə real kimi gəlmir.” O, maddi səbəblərə görə evlənə bilməyən minlərlə qadından biridir.

Azərbaycanda vəziyyət Cənubi Asiyadan bir az fərqlidir, amma ümumi tendensiya demək olar ki, eynidir: Qızıl bahalaşdıqca alıcılar azalır.

Azərbaycanda toy və qızıl ənənəsi

Azərbaycanda da qızıl, toyun ən vacib hissələrindən biridir, gəlinə “dəyər” göstəricisi kimi qəbul olunur, həm də investisiya kimi görülür. Toylarda, qızıl üzük, boyunbağı, sırğa, bilərzik alınması demək olar ki, standart sayılır.

Qiymət artımı Azərbaycana necə təsir edir?

Son illərdə qlobal bazarda qızılın qiyməti artıb və bu, Azərbaycanda da hiss olunur. Adının çəkilməsini istəməyən zərgər Lent.az-a açıqlamasında qeyd edir ki, insanlar əvvəlki kimi çox qızıl ala bilmir, daha yüngül zinət əşyaları seçilir, bəzi ailələr köhnə qızılları yenidən istifadə edir: “Hər gün demək olar ki, toy dəvətnaməsi alırıq, fikirləşirəm ki, bəs bunların hamısı qızıl alsaydı, alverimiz yaxşı getməliydi. Əksinə demək olar ki, satış yoxdur. Məlum olur ki, ailələr evdə olan qızılları yeni modellərlə əvəz etməli olur. Yeni qızıl alanların sayı kifayət qədər azalıb”.

Reuters-in yazdığına görə, əslində bu tendensiya təkcə Azərbaycanda deyil, bir çox ölkədə müşahidə olunur.

Azərbaycanın Asiyadan fərqi odur ki, onlar gəlin üçün təmiz qızıl alır, imitasiya etmirlər. Azərbaycanda da qızıl örtüklü bijuteriya məhsulları var. Amma bunlar daha çox gündəlik istifadə üçün alınır. Toy üçün isə hələ də real qızıl üstünlük təşkil edir. Onu da qeyd edək ki, Bakıda zərgərlik bazarı genişdir və müxtəlif qiymət aralığında məhsullar tapmaq mümkündür.

Ekspertlər bildirir ki, Azərbaycanda vəziyyət Cənubi Asiyadakı qədər kritik deyil. Amma trend eynidir, qızıl bahalaşır, insanlar daha az alır. Qızılın bahalaşması ən çox Cənubi Asiyada toy ənənələrini dəyişir. İnsanlar artıq qızılı daha çox investisiya kimi görür. Gündəlik istifadə üçün isə daha ucuz alternativlər seçilir.
 

0