Maliyyə Nazirliyi 2027-2030-cu illəri əhatə edən Orta müddətli büdcə çərçivəsini ictimaiyyətə təqdim edib.
Sənəd Prezident İlham Əliyevin 24 avqust 2018-ci il tarixli fərmanı ilə təsdiqlənmiş qaydalara və Nazirlər Kabinetinin 30 yanvar 2026-cı il tarixli sərəncamına uyğun hazırlanıb. Proqnozlara əsasən, Azərbaycanda inflyasiya səviyyəsinin növbəti illərdə mərhələli şəkildə azalacağı gözlənilir. Belə ki, 2026-cı il üçün 5,5 faiz səviyyəsində nəzərdə tutulan orta illik inflyasiyanın 2030-cu ilə qədər 4,6 faizə enəcəyi ehtimal olunur.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycan Maliyyə Nazirliyinin inflyasiya proqnozunun inandırıcılığını qiymətləndirmək üçün bir neçə amili nəzərə almaq lazımdır:

“Müsbət tərəfdən deyək ki, 5,5 faizdən 4,6 faizə endirim templi, tədricən azalma proqnozu ağlabatan görünür. Kəskin sıçrayışlar deyil, sabit dinamika nəzərdə tutulur. Bundan əlavə, əgər neft gəlirləri sabit qalarsa, manat məzənnəsi üzərindəki təzyiq azalır və bu da idxal inflyasiyasını zəiflədir. Həmçinin, Mərkəzi Bankın son illərdə nisbətən praqmatik pul siyasəti yürütməsi müsbət amil kimi qiymətləndirilə bilər.
Digər tərəfdən isə bir sıra ciddi suallar meydana çıxır. Azərbaycan iqtisadiyyatı neft ixracından güclü şəkildə asılıdır və qlobal enerji bazarlarındakı dalğalanmalar daxili qiymətlərə birbaşa təsir edir. Bu isə proqnozlaşdırmanı çətinləşdirir. Azərbaycan iqtisadiyyatının proqnozlaşdırılan hala gətirilməsi üçün neftdən asılılıq minimuma endirilməli, idxaldan asılılıqdan xilas olunmalıdır”.
Ekspert qeyd edib ki, hazırda isə dünya iqtisadiyyatında idxal qiymətlərinin artması, ticarət gərginlikləri kimi xarici şoklar Azərbaycana nəzarətsiz ötürülə bilər:
“Tarixi kontekstdən baxdıqda isə 2015-2016-cı illərdəki manat devalvasiyasından sonra ölkə yüksək inflyasiya epizodları yaşamışdır. Yəni infrastruktur zəifliyi mövcuddur. Bütövlükdə isə dövlət büdcə sənədlərinin proqnozları ümumiyyətlə optimist meyl daşıyır, çünki onların arxasında siyasi iradə durur.
4 il üçün cəmi 0,9 faiz bəndlik azalma hədəfi texniki cəhətdən mütənasibdir, amma onun həyata keçirilməsi neft qiymətlərinin sabitliyindən, xarici ticarət şəraitindən və pul siyasətinin ardıcıllığından birbaşa asılıdır. Beynəlxalq praktikada isə bu tip ortamüddətli inflyasiya proqnozları çox zaman arzuolunan göstərici kimi qəbul edilir”.
Günel Cəlilova


