Münhauzen sindromu və ondan xilas yolları nədir?

SAĞLAMLIQ
12:00 / 22.04.2026
128

“Bəzi insanlar Münhauzen sindromundan əziyyət çəkirlər”.

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, münhauzen sindromu psixologiyada insanın real tibbi zərurət olmadan özündə xəstəlik əlamətləri yaratması, şişirtməsi və ya hətta bilərəkdən özünə zərər verməsi ilə xarakterizə olunan mürəkkəb bir vəziyyətdir:


“Bu davranışın əsas məqsədi maddi qazanc deyil, emosional ehtiyacların xüsusilə diqqət, qayğı və qəbul olunma hissinin qarşılanmasıdır. İnsan xəstə rolu vasitəsilə ətrafdan sevgi və maraq gördüyünü hiss edir və bu hal zamanla psixoloji olaraq möhkəmlənir. Psixoloji baxımdan yaranma səbəbləri çox vaxt uşaqlıq dövrünə gedib çıxır. Erkən yaşlarda sevgi və diqqət çatışmazlığı yaşayan, emosional olaraq laqeyd və ya qeyri-sabit mühitdə böyüyən fərdlərdə belə davranış formaları inkişaf edə bilər. Bəzi hallarda uşaq yalnız xəstə olanda valideyn diqqəti gördüyünü öyrənir və bu model şüuraltında diqqət = xəstəlik kimi kodlaşır”.

Ekspert qeyd edib ki, travmalar, tərk edilmə qorxusu, aşağı özünə dəyər hissi və kimlik problemləri də bu sindromun formalaşmasına zəmin yaradır:
“İnsan özünü yalnız zəif və qayğıya ehtiyacı olan biri kimi dəyərli hiss etdikdə, sağlam olmaq onun üçün emosional olaraq görünməz olmaq kimi qəbul edilə bilər. Nəticədə, bu sindrom həm psixoloji, həm də fiziki baxımdan ciddi fəsadlara səbəb olur. İnsan davamlı olaraq tibbi müdaxilələrə məruz qala, lazımsız dərmanlar qəbul edə və ya özünə zərər verə bilər. Sosial münasibətlərdə etibar problemi yaranır, yaxın çevrə zamanla şübhə və yorğunluq hiss edə bilər. Uzun müddətdə isə bu davranışlar insanın öz real kimliyindən uzaqlaşmasına, daxili boşluq və tənha hissinin daha da dərinləşməsinə gətirib çıxarır”.

Psixoloq bu sindromdan xilas yolları barədə də danışıb:
“Aradan qaldırılma yolları əsasən psixoterapiya ilə bağlıdır və bu proses səbir tələb edir. İlk mərhələdə insanın öz davranışını qəbul etməsi və bunun arxasındakı emosional ehtiyacları anlamağa başlaması vacibdir. Terapevtik münasibət burada əsas rol oynayır, çünki bu insanlar üçün güvənli və mühakiməsiz bir mühit çox önəmlidir. Uzunmüddətli psixoterapiya vasitəsilə insan sağlam yollarla diqqət və sevgi almağı öyrənə, özünə dəyər hissini gücləndirə və emosional ehtiyaclarını daha uyğun şəkildə ifadə edə bilər”.

Mütəxəssisin sözlərinə görə, yanaşı gedən depressiya və ya narahatlıq kimi hallar varsa, onların da müalicəsi vacibdir:
“Ümumilikdə bu sindrom sadəcə diqqət istəyi kimi deyil, dərin psixoloji ehtiyacların və qarşılanmamış emosiyaların bir ifadəsi kimi başa düşülməlidir. Doğru yanaşma və peşəkar dəstək ilə bu davranışları azaltmaq və insanın daha sağlam psixoloji vəziyyətə gəlməsi mümkündür”.

Pərviz
 

0