Azərbaycanın tütün sənayesində uzun illər fəaliyyət göstərmiş “European Tobacco-Baku” ASC ləğv olunur. 2001-ci ildən fəaliyyət göstərən və yerli siqaret istehsalında aparıcı mövqelərdən birini tutan şirkətin bağlanması sektor üçün mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir.
"European Tobacco-Baku” müstəqillik dövründə formalaşan ilk iri tütün istehsalçılarından biri olub. Şirkətin nizamnamə kapitalı təxminən 134 min manat təşkil edirdi.
Ləğv prosesi ilə bağlı elan Dövlət Vergi Xidməti tərəfindən “Vergilər” qəzetində dərc olunub. Elana əsasən, şirkətlə maliyyə əlaqəsi olan kreditorlara tələblərini təqdim etmək üçün iki ay müddət verilib. Bu müddət ərzində bütün öhdəliklərin dəqiqləşdirilməsi və bağlanması nəzərdə tutulur.
Müəssisəyə uzun illər keçmiş deputat Rüfət Quliyev rəhbərlik edib. Şirkət yerli bazarda həm istehsal həcmi, həm də tanınmışlığı ilə seçilib və tütün sənayesinin əsas nümayəndələrindən biri hesab olunurdu.
Bəs ən böyük siqaret istehsalçısınının fəaliyyətinin dayandırması yerli bazara necə təsir edəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, bu qərar siqaretin qiymətinə birbaşa və dərhal kəskin təsir etməyəcək, amma orta müddətdə bir neçə kanal üzrə bahalaşma riski yaradır:
“Şirkət özü əvvəllər açıqlamışdı ki, onlar qiymət məsələsi ilə məşğul olmur, yalnız istehsal edirlər. Yəni mağazadakı son qiyməti distributor və pərakəndə satıcı qoyur. Amma “European Tobacco-Baku” bazarda yerli istehsalın əhəmiyyətli hissəsini təmin edirdi. Zavod bağlanandan sonra onun buraxdığı brendlər ya idxal olunacaq, ya da digər yerli fabriklər həmin həcmi əvəz etməli olacaq.
İdxal artanda maya dəyər yüksəlir.
Çünki xaricdən gətirilən siqaretə aksiz, ƏDV, gömrük rüsumu və logistika xərci gəlir. Digər yerli istehsalçılar bazar payını böyütsə, rəqabət azalacaq. “European Tobacco-Baku” çıxandan sonra bazarda oyunçu sayı azaldığı üçün qalan şirkətlərin qiymətqoyma sərbəstliyi artır. Xüsusilə də, siqaret aludəçilik yaratdığı üçün istehsalçı və distributor qiyməti qaldıranda satış kəskin düşmür”.
Müsahibimiz hesab edir ki, qısamüddətli dövrdə anbar ehtiyatları hesabına qiymətlər sabit qala bilər:
“Mağazalar əvvəlki topdansatış qiyməti ilə aldığı malı satacaq. Amma ehtiyat bitəndən sonra yeni partiyalar ya baha idxal, ya da məhdud yerli təkliflə gələcəyi üçün 10-20 qəpik arası artım mümkündür. Əgər dövlət aksiz dərəcəsini də qaldırsa, artım daha böyük olar.
Yekun olaraq qeyd edək ki, “European Tobacco-Baku”nun bazardan getməsi sabahdan siqareti 50 qəpik bahalaşdırmayacaq. Amma tədarük zənciri idxaldan asılı hala düşdüyü üçün valyuta məzənnəsi, gömrük rüsumu və aksiz artımları qiymətə daha tez və sərt təsir edəcək. Orta müddətdə ucuz seqmentdəki yerli brendlər azalacağı üçün alıcının seçimi də daralacaq. Bu da qiymət artımı üçün əlavə zəmin yaradır”.


