Doğulacaq uşağın cinsiyyətinin öncədən müəyyən olunması məsələsi dini baxımdan birmənalı qarşılanmır və bu barədə müxtəlif müzakirələr mövcuddur.
Bəzi fikirlərə görə, bu prosesin əvvəlcədən planlaşdırılması və müdaxilə yolu ilə həyata keçirilməsi dini baxımdan düzgün hesab edilmir. Hətta bunu günah kimi dəyərləndirənlər də var.
Maraqlıdır, uşağın cinsiyyətini öncədən öyrənmək dini baxımdan haramdır?
İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, İslam inancına görə uşağın əvvəlcədən cinsini öyrənmək sadəcə uyğun görülmür:

“Amma müəyyən zəruri tibbi səbəblərdən ehtiyac yaranarsa müəyyən etməkdə günah yoxdur. Bəzən hamilə qadınları müayinə edərkən müəyyən müalicə tədbirləri səbəbi ilə uşağın cinsini də deyirlər. Ehtiyac olmadıqca mütəxəssislər bunu deməməlidir. Çünki insanların cinsini müəyyən edən Allahdır”.
Ekspert qeyd edib ki, hansısa bir səbəb olmadan sırf uşağın cinsini öyrənmək üçün müraciət etmək haramdır:
“Cinsi anaya deyən həkim də günahkardır. Çünki Allah insan yaradanda ilahi hikmətə əsaslanır. İnsanlar isə bəzi sosial çətinliklərdən dolayı uşaq arzu etdikləri cinsə aid olmadıqda onu həlak etdirirlər. Tibb inkişaf etsə də ondan sui-istifadə etmək olmaz”.
Günel Cəlilova


