Məktəblilər arasında zorakılığın SƏBƏBİ

SOSİAL
12:12 / 21.04.2026
83

Son illərdə məktəblilər arasında zorakılıq və aqressiv davranışların artması açıq şəkildə hiss olunur. 

Bu cür hallar əvvəlki dövrlərlə müqayisədə daha tez-tez baş verir. Şagirdlər aralarında yaranan ədavət səbəbindən bəzən sinif yoldaşlarına qarşı təhlükəli və sərt addımlar atırlar. Bakıda orta məktəblərdən birində baş verən hadisə də bunun bariz nümunəsidir. Belə ki, şagird sinif yoldaşının üzərinə spirt tökərək onu yandırmağa cəhd edib. Təəssüf ki, buna bənzər hadisələr son dövrlərdə daha çox qeydə alınır və vəziyyətin ciddiliyini göstərir. 

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, yeniyetməlik dövrü insanın daxili dünyasında ciddi dəyişikliklərin baş verdiyi bir mərhələdir: 

397139

“Bu yaşlarda gənclər həm emosional, həm də psixoloji baxımdan həssas olur, hadisələrə daha sərt və bəzən düşünülməmiş reaksiyalar verə bilirlər. Bununla yanaşı, informasiya axınının sürətlə artdığı bir dövrdə yeniyetmələr müxtəlif təsirlərə açıq olurlar. Xüsusilə sosial platformalarda yayılan bəzi məzmunlar zorakılığı adi hal kimi təqdim edir”.

Ekspert qeyd edib ki, bu isə onların düşüncəsində yanlış təsəvvürlər formalaşdırır və aqressiyanı qəbul edilən davranış kimi göstərir:

“Beləliklə, həm ailə daxilindəki münasibətlər, həm də xarici təsirlər bir araya gələrək yeniyetmənin davranışına yön verir və bəzən arzuolunmaz nəticələrə gətirib çıxarır”.

Günel Cəlilova

0