Yeniyetmələrin davranışını pozan türk serialları...

SOSİAL
14:44 / 22.04.2026
101

Son illərdə Türkiyə seriallarına maraq sürətlə artmaqda davam edir. 

Artıq bu seriallara yalnız yaşlı və orta nəsil deyil, eyni zamanda məktəbyaşlı və azyaşlı uşaqlar da böyük maraq göstərir. Xüsusilə bu filmlərdə təqdim olunan mafiya obrazları onların diqqətini daha çox cəlb edir. Nəticədə, bəzi uşaqlarda həmin obrazlara qarşı simpatiya yaranır, hətta onlar kimi yaşamaq, onların həyat tərzini təqlid etmək istəyi formalaşır. Bu isə cəmiyyət üçün müəyyən narahatlıq doğuran məqamlardan biri kimi qiymətləndirilir.

Məlumdur ki, ötən həftə Türkiyə məktəblərinin birində qətliam yaşandı. Bu hadisənin yaşanmasında müəyyən mənada məlum türk seriallarının rolu olduğu da istisna edilmir. Qeyd edək ki, Azərbaycan əhalisi də böyük maraqla həmin serialları izləyir, hətta yeniyetmələr, məktəblilər həmin serial qəhrəmanlarına bənzəmək istəyir. Hərəkətlərini, danışıqlarını onlar kimi edənlər az deyil...

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında deyib ki, müasir dövrdə cəmiyyətin formalaşmasına təsir edən əsas amillərdən biri də film və xüsusilə kriminal məzmunlu seriallardır: 

397268

“Bu cür ekran işlərində təqdim olunan bəzi səhnə və mövzular uşaqların yaş səviyyəsinə uyğun gəlmir və onların psixoloji inkişafına mənfi təsir göstərə bilər. Uşağın yalnız fiziki və bioloji tələbatlarını qarşılamaq kifayət etmir. Onun daxili dünyasının, emosional və psixoloji sağlamlığının qorunması da valideynlərin üzərinə düşən mühüm məsuliyyətdir. Bu baxımdan, uşaqların hansı məzmunları izlədiyinə diqqət yetirilməsi olduqca vacibdir”.

Ekspert diqqətə çatdırıb ki, seriallarda nümayiş olunan davranış modelləri onların düşüncə tərzinə, xarakterinə və hətta cinsi kimlik formalaşmasına təsir edə bilər:

“Xüsusilə hüquqa zidd əməllərin qəhrəmanlıq kimi təqdim olunması yeniyetmələrdə yanlış nümunələr yaradır. Belə obrazlara heyran qalan 13-14 yaşlı gənclər onları təqlid etməyə meyil göstərə bilərlər. Məhz buna görə də valideyn nəzarəti və düzgün yönləndirmə mühüm əhəmiyyət kəsb edir. Uşaqların sağlam şəxsiyyət kimi formalaşması üçün onların qarşılaşdığı informasiya mühitinə diqqətlə yanaşmaq zəruridir”.

Günel Cəlilova

0