Azərbaycanda süni intellektdən sui-istifadə hallarına qarşı cəza tədbirləri sərtləşdirilir.
Belə ki, kiminsə razılığı olmadan onun görüntü və ya səsindən istifadə etməklə süni intellekt və ya xüsusi proqramlar vasitəsilə pornoqrafik və ya intim xarakterli materialların hazırlanması və yayılması cinayət hesab olunacaq.
Milli Məclisdə müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə əlavə edilən yeni 242-1-ci maddə məhz bu halları əhatə edir. Dəyişikliklərə əsasən, belə məzmunların hazırlanması və ya mediada, eləcə də internet resurslarında yayılması ciddi hüquqi məsuliyyət yaradır. Bu əmələ yol verən şəxslər üç ildən yeddi ilədək azadlıqdan məhrum edilə bilərlər.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası (AİKTSA) İdarə Heyətinin sədri Elvin Abbasov Hit.az-a açıqlamasında bildirib ki, yeni məhdudiyyətlərin tətbiqi kibercinayətkarlıq və saxta informasiya yayımı ilə mübarizədə hüquqi mexanizmləri daha da gücləndirəcək:

“Bu çərçivə həm kiberdələduzların fəaliyyətinə, həm də dezinformasiya yayıcılarına qarşı daha konkret və tətbiq oluna bilən məsuliyyət mexanizmləri formalaşdırır. Həmçinin, dövlət orqanları üçün saxta məzmunların mənbəyinin müəyyən edilməsi və onların hüquqi məsuliyyətə cəlb olunması baxımından əlavə imkanlar yaradır”.
Ekspert vurğulayıb ki, bu addım ictimai etimadın və təhlükəsizlik hissinin möhkəmlənməsinə də xidmət edir:
“Süni intellekt texnologiyalarından sui-istifadəyə qarşı cinayət məsuliyyətinin müəyyən edilməsi isə dövlətin bu sahədə sərt və prinsipial mövqe sərgilədiyini göstərən mühüm hüquqi və strateji qərar kimi qiymətləndirilir”.
Günel Cəlilova


