Ötən gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin revanş matçı keçirilib.
Hit.az bildirir ki, olduqca gərgin keçən oyunda “Sabah” 1-0 geriyə düşdüyü oyunda “Qarabağ”ı 2-1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıblar. Onlar, finalda “Zirə” ilə qarşılaşacaqlar.
Hakim qərarları...
Matçın başından sonuna qədər hakim qərarları müzakirələrə səbəb oldu. Oyunun əvvəlindən hər etiraza sarı vərəqə göstərən hakim sona qədər kart verməkdən çəkinmədi. Hər hissədə müzakirələrə səbəb olan epizodlar oldu. Belə ki, 37-ci dəqiqədə “Qarabağ”ın qapıçısı Koxalski birbaşa qırmızı vərəqə alaraq komandasını azlıqda buraxdı. Bu, Qurban Qurbanovun bütün planlarını pozsa da, “Qarabağ” 59-cu dəqiqədə Kamilo Duranın vurduğu qolla 1-0 önə keçdi.
Lakin “Sabah” 87-ci dəqiqədə Simiclə hesabı bərabərləşdirdi, 87-ci dəqiqədə isə Mbina ilə 2-1 hesablı qələbəni rəsmiləşdirdi. Paytaxt klubu ümumi hesabda 4-3 qalib gəldi.
Buna baxmayaraq, ən çox etiraza və gərginliyə səbəb olan an isə son saniyələrdə yaşandı. “Qarabağ”ın penalti gözlədiyi epizodda hakim davam qərarı verdi və matçı bitirdi. Bunun ardından meydanda çox ciddi gərginlik yaşandı və hakim xeyli vərəqə çıxardı. Üstəlik, bir çox ekspert istər qırmızı vərəqə, istərsə də verilməyən penalti qərarının səhv olduğunu düşünür...
Matçdan rəqəmlər...
Bu mövsüm tribunalara ən çox azarkeş çəkən matçlar məhz “Qarabağ” – “Sabah” matçlarıdır. Bu dəfə də stadionda mükəmməl atmosfer var idi. Toplam 8730 nəfər bu həyəcanlı oyunu canlı izlədi.
Maraqlı məqamlardan biri də “Sabah”ın tez-tez oyundan kənar vəziyyətə düşməsi oldu. Hətta ev sahiblərinin 3 qolu bu səbəbdən qeydə alınmadı.
Sonda onu da vurğulayaq ki, bu matçda futbol adına hər şey var idi. Qollar, qırmızı vərəqələr, sayılmayan qollar, mükəmməl atmosfer, verilməyən penalti, etirazlar, gərginlik və daha nələr... Yəni uzun illər unudulmayacaq çox maraqlı bir oyun oldu...
Elmir


