Valideyn və ya müəllimin uşağı “tərbiyə etmək” adı ilə fiziki zorakılığa məruz qoymasına görə 200 manata qədər cərimə tətbiq olunması nəzərdə tutulur.
Bu dəyişiklik İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 525-1-ci maddədə öz əksini tapıb və Milli Məclisdə müzakirəyə çıxarılıb. Müzakirəyə çıxarılan bu qərar çoxlu sayda sualların yaranmasına səbəb olub.
Bu qərarın uşaqların qorxusuz böyüməsinə xidmət edəcəyi deyilsə də, reallıqda onun tərbiyə sisteminə ciddi zərbə vuracağı ehtimalı da az deyil. Hamıya məlumdur ki, uşaq müəyyən qədər valideynindən və müəllimindən çəkinməlidir. Bu çəkinmə tərbiyənin əsas elementlərindən biridir. Əgər uşaq etdiyi səhvə görə heç bir ciddi reaksiya görməzsə, onda düzgünlə yanlışı ayırmaqda çətinlik çəkəcək.
Uşaq səhv edəndə, böyüyünə qarşı hörmətsizlik göstərdikdə, onu sadəcə yumşaq sözlərlə yönləndirmək hər zaman effekt vermir. Bəzən sərt reaksiya da tərbiyənin bir hissəsi kimi çıxış edir. İndi isə belə bir mühit yaradılır ki, valideyn övladına söz deməyə belə tərəddüd edəcək - sabah cərimə olunmaq qorxusu ilə. Bu artıq tərbiyə yox, nəzarətsizlik deməkdir.
Daha təhlükəli tərəfi isə odur ki, uşaq anlayacaq: ona qarşı bir az sərt davranan kimi valideyn və ya müəllim cəzalandırıla bilər. Bu isə bəzi uşaqlarda məsuliyyət deyil, əksinə, fürsətçilik və manipulyasiya meyillərini gücləndirə bilər. Nəticədə “tərbiyə” anlayışı zəifləyəcək, uşaqlar böyüklərə qarşı daha rahat şəkildə sərhədləri poza biləcəklər.
Məktəblərdə vəziyyət daha da mürəkkəbləşə bilər. Müəllim sinifdə intizam yaratmaq üçün şagirdi danlaya bilməyəcəksə, dərs prosesi necə idarə olunacaq? Şagird dərsə hazır gəlmirsə, dərsi pozursa, buna reaksiya verilməlidir. Əks halda sinifdə nə nizam qalacaq, nə də təhsil keyfiyyəti. Bu cür məhdudiyyətlər müəllimin nüfuzunu sarsıdır və artıq bu peşəyə marağı da azalda bilər.
Beləliklə, bu cəza mexanizmi zahirdə uşaqları qorumağa yönəlsə də, praktikada tərbiyə sistemində boşluqlar yarada, valideyn və müəllimin rolunu zəiflədə və nəticədə daha ciddi problemlərə yol aça bilər...
Günel Cəlilova


