“Bəzi insanların heç nəyi bəyənməməsi ətraflarındaları narahat edən məsələlərdən biridir”.
Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bunu sadəcə bəzi şəxslərə aid etmək olar:
“Sözsüz ki, bu davranış insanın psixoloji vəziyyətindən, yaşadığı həyat təcrübələrindən və onun həmin təcrübələrə qarşı verdiyi reaksiyalardan asılıdır. Lakin bu davranışın arxasında adətən bir neçə səbəb dayanır. Bəzi insanların hər şeyə etiraz etməsi, heç nəyi bəyənməməsi çox vaxt daxili narazılığın və ya qarşılanmamış emosional ehtiyacların göstəricisidir.
Əgər uşaq vaxtında emosional olaraq duyğular qarşılanmırsa gələcəyə də təsir edir. Yəni böyüdüyümüz zaman bizə qarşılanmayan ehtiyacların və yaxud sevginin qarşılığında qarşımıza çıxan insana qarşı da etirazlarımızı bildiririk. Daha dəqiq desək, “mənə bunu etmədilər, mən də sizə bunu mənə etdikləri kimi edəcəm” düşüncəsi yarana bilir”.
Ekspert qeyd edib ki, insanlar özünü anlaşılmamış və dəyərsiz hiss etdikdə duyğularını açıq şəkildə ifadə etmək əvəzinə tənqid və etiraz formasında da göstərə bilirlər:
“Yəni heç nəyi bəyənməməyi tənqidi şəkildə biruzə verirlər, bəzən hətta bəyəndikləri halda belə etiraz edirlər. Çünki daxili dünyalarında baş verən həmin bu natamamlıqları qarşısında baş verən situasiyaya qarşı sərt şəkildə münasibət bildirməklə də göstərə bilirlər.
Digər səbəblərdən biri perfeksionizmdir, yəni mükəmməliyyətçilik. Bəzi insanlar üçün “ideallıq” anlayışı çox yüksək olur. Yəni “hər şey möhtəşəm olmalıdır, mükəmməl olmalıdır; əgər mükəmməl olmayacaqsa mən istəmirəm, yaxşı olmayacaqsa mən razı deyiləm” kimi mövqeyə sahib olurlar. Yəni reallıq bu gözləntiləri qarşılamadıqda tez-tez narazılıq bildirə bilirlər. Biz bu vaxt problemi ətrafda deyil, daxilimizdə baş verən o problemlərlə baxmalıyıq”.
Həmsöhbətimiz sözlərini belə davam etdirib:
“Daxildə qurulan standartlar nələrdir? Nə baş verir onun daxili dünyasında ki, hər şeydə bir problem axtarır? Səbəb nədir, kökü nədir? Əgər yeniyetməlik dövründə bir uşaq müstəqil özünü göstərməyə çalışıb və qarşısında sərhədlər görür və artıq etirazlar alırsa onda bu problem başlayır. O, etirazlar aldığı üçün artıq özünü etiraz edilən biri olaraq görür və hər zaman nəyisə sübut etməyə çalışır. Səhv etsələr belə “mən özümü təsdiq edəcəm, göstərəcəm ki, həqiqətən bacarıram, fikrim budur, qərarım budur” kimi düşüncələrə qapılırlar”.
Psixoloq diqqətə çatdırıb ki, bəzən də bu davranış diqqət və emosional əlaqə ehtiyacından qaynaqlanır:
“Yəni diqqəti özünə çəkmək, emosional olaraq “məni görün, məni duyun” deməyə çalışır. İnsan birbaşa “məni başa düş” deməkdə çətinlik çəkdiyi zaman dolayı yolla bu üsullara əl atır. Nəticədə, hər şeyə etiraz edən davranışın arxasında çox vaxt “məni anla, məni gör” mesajı dayanır. Belə hallarda tənqidə qarşı tənqidlə yox, anlamağa yönəlmiş yanaşma daha üstün, önəmli olar.
Ancaq burada təkcə qarşı tərəf deyil, həmin insan da öz daxili dünyasına baxmalıdır. Nə üçün hər şeyi bəyənmədiyini və nəyə görə bu dərəcədə mükəmməlliyə yönəldiyini sorğulamalıdır. Öz daxili dünyalarına dönüb baxmalı və bunun səbəbini taparaq həyatda kiçik şeylərdən də çox xoşbəxt olmağa çalışmalıdırlar”.
Pərviz



