Daşınmaz əmlakın sığorta məbləği yüksəlir?

İQTİSADİYYAT
11:25 / 23.04.2026
90

Son zamanlar davamlı yağan yağışlar və bəzi bölgələrdə qeydə alınan təbii fəlakətlər daşınmaz əmlakın sığorta məbləği məsələsini yenidən aktuallaşdırıb. 

Məlumdur ki, hazırda sığorta məbləği Bakıda yerləşən əmlaklar üçün 25 min manatadək, Gəncə, Sumqayıt və Naxçıvanda 20 min manatadək, digər bölgələrdə isə 15 min manatadək müəyyən edilib. Lakin mövcud məbləğ hazırkı şərait üçün yetərli hesab edilmir. Çünki daşınmaz əmlakın qiymətləri ildən-ilə artmaqdadır.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Hit.az-a açıqlamasında deyib ki, 2018-ci ildə müəyyənləşdirilən sığorta məbləğləri bu günün iqtisadi və bazar reallıqları ilə artıq uzlaşmır: 

397328

“Həmin dövrdə Bakı şəhəri üzrə daşınmaz əmlak üçün 25 min manat, digər bölgələr üzrə isə 15-20 min manat civarında müəyyən edilən sığorta limitləri kifayət qədər adekvat hesab olunurdu. Lakin ötən illər ərzində həm tikinti materiallarının, həm də ümumilikdə daşınmaz əmlak bazarının qiymətlərində ciddi artım müşahidə olunub”.

Ekspert qeyd edib ki, bu isə mövcud sığorta məbləğlərinin real zərəri qarşılamaq gücünü xeyli zəiflədib:

“Nəticədə, baş verə biləcək yanğın, təbii fəlakət və digər risklər zamanı həmin məbləğlər əmlakın həqiqi dəyərini kompensasiya etməyə kifayət etmir. Buna görə də mövcud sığorta limitlərinə yenidən baxılması, onların indiki bazar qiymətlərinə uyğunlaşdırılması aktuallıq kəsb edir”.

Günel Cəlilova

0