Son dövrlərdə məktəblilər arasında aqressiv davranışların və zorakılıq hallarının artması ciddi narahatlıq doğurur.
Son illərdə, xüsusilə də son bir həftədə baş verən hadisələr şagirdlər arasında zorakılığın pik həddə çatdığını göstərir. Sinifdə bıçaqlanma, spirtlə üz yandırılması, şagirdlərin adlarının yazıldığı siyahının hazırlanması, müəllimlərin vurulması, təhdidlər və s. buna nümunələr sırasındadır.
Təhsil eksperti Elçin Əfəndi Hit.az-a açıqlamasında deyib ki, uşağın məktəbə göndərilməsi yalnız dərsə davamiyyətlə məhdudlaşmır, bu proses eyni zamanda valideynin üzərinə müəyyən nəzarət və məsuliyyət də qoyur:

“Valideyn övladının davranışına diqqət yetirməli, onun təhlükəli əşyalarla məktəbə getməsinin qarşısını ciddi şəkildə almalıdır. Həmçinin, təhsil müəssisələrində idarəetmə heyəti də şagirdlər arasında nizam-intizamın qorunmasına laqeyd yanaşmamalı, potensial gərginliklərin qarşısını vaxtında almalıdır”.
Ekspert qeyd edib ki, həm ailə, həm də məktəb səviyyəsində bu məsələlərə yanaşma kifayət qədər məsuliyyətli deyil:
“Nəzarətin zəifliyi şagirdlər üçün müəyyən boşluqlar yaradır və onlar da bu vəziyyətdən istifadə edərək arzuolunmaz davranışlara yol verirlər. Nəticədə məktəblərdə xoşagəlməz hadisələrin sayı artır. Xüsusilə dərslərə maraq göstərməyən, təhsildən uzaqlaşan şagirdlər arasında bu kimi hallara daha çox rast gəlinir, halbuki ali təhsil məqsədi ilə hazırlaşanlar arasında belə hallar nadir müşahidə olunur”.
Günel Cəlilova


