Müasir dövrdə cəmiyyətdə ən çox müzakirə olunan məsələlərdən biri alimentdir. Sosial şəbəkələrdə, ya reallıqda olsun fərq eləmir - bu gün aliment insanları iki yerə ayırıb. Aliment verilsin, ya verilməsin? Məhəllə söhbətlərindən tutmuş, Milii Məclisə qədər uzanan, nəticəsiz qalan, kəsə desək, çox su aparan xəmirdir.
Amma bu aliment növlərinin içində biri də var ki, onun verilməsi deyil, əksinə verilməməsi insanlarda qınaq yaradar: çünki bu, xüsusi qrup övladlar üçün verilir.
“Müddətsiz aliment” adlanan bu aliment növü nə deməkdir, kimlərə şamil olunur və hansı hallarda tətbiq edilir?
Bizim.Media-nın suallarını cavablandıran hüquqşünas Cavid Yolçuyev bildirdi ki, müddətsiz aliment qanunvericiliyə görə konkret bitmə tarixi göstərilmədən ödənilən aliment növüdür. Müddətsiz aliment əlilliyi olan, yetkin yaşa çatmış, lakin özünü təmin edə, işləyə bilməyən övladlara verilir.
Bundan başqa, boşanmış həyat yoldaşı da nikah dövründə (ya da boşanmadan qısa müddət sonra) əmək qabiliyyətini itirib və maddi dəstəyə ehtiyacı varsa ona müddətsiz aliment təyin edilir.
Hüquqşünas diqqətə çatdırdı ki, müddətsiz aliment yalnız aliment alan şəxsin əmək qabiliyyəti bərpa olunarsa, tərəflərdən biri vəfat edərsə dayandırılır. Başqa sözlə, “müddətsiz” ifadəsi “ömürlük mütləq ödəniləcək” demək deyil, sadəcə əvvəlcədən konkret tarix qoyulmur. Şəraitə görə son tarix müəyyənləşir.


