“Psixoloq olmaq nə deyildiyi kimi asan gəlir mənbəyi, nə də yorucu işdir”.
Bu sözləri psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, hər peşə kimi bu peşənin sahibləri də öz işindən zövq alanda, öz peşəsini sevəndə ona nə yorucu gələr, nə də öz peşəsinə hörmətsizlik edərək ona yalnız gəlir mənbəyi kimi yanaşar:
“Çətin o şəxslərə olur ki, peşəni sevir, lakin özündə, öz keçmişində ağır travmaları və ya hər hansı bir narahatçılığı, nevroz halı var. Seans zamanı danışanın hekayələrini dinləyərkən o travmanı mənimsəyib subyektiv yön verə bilər. Elmli şəxs də olsa həmin şəxslər məsləhət verməyə cəhd edərlər. Yalnız savadı bu sahədə olmayıb, güzəran psixologiyanı bilmiş insanlar seansda məsləhət vermə niyyətində olurlar. Bu, effektiv ola bilər. Ancaq bu nə seansdır, nə də terapiyanın bir növü”.
Ekspert psixoloq olmağın üstünlüklərindən də danışıb:
“Peşənin üstünlükləri ixtisas sahibləri üçün insanları daha yaxşı anlamağına, problemlərin nüvəsini dərhal tapmağa, hər sözün hansı niyyətlə, hansı travma ilə deyə biləcəyi qabiliyyətlərini formalaşdırır. Bizə müxtəlif travmalar yaşayan insanlar müraciət edirlər. Bəzən eyni həyatı yaşayan fərqli şəxslər olur. Baxırsan gələcəyi də bir birinə bənzəyir. Təfəkkürün idrak prosesinin analiz və sintez funksiyaları daha geniş inkişaf etmiş olur. Yəni psixoloq olmağın üstünlükləri çoxdur”.
Həmsöhbətimiz işinin mənfi tərəflərindən də söz açıb:
“Mənfi tərəfi isə gördüklərimiz və pasiyentlərimizdə qarşılaşdığımız travma hallarıdır. Zənnimcə, ana olan psixoloqlar üçün bir qədər daha narahatedici hal yarada bilər. Çünki ana olduqdan sonra qadınların qorxu anlayışı dəyişir. Artıq bizim qorxumuz övladlarımız olur, bu da normal bir haldır. Psixoloq analar seanslardan sonra istər digər insanların uşaqlıqlarında, istərsə də uşaqlarının həyatların da baş verən faciələrdən təsirlənərək, öz uşağına həddindən artıq nəzarətetmə fuksiyası yarana bilər. Bu zaman psixoloqun özünə dəstək lazım gəlir”.
Mütəxəssis qeyd edib ki, yaxşı psixoloq olmaq üçün təlimlərə getmək mütləqdir:
“Psixoloq kimi işləməyin çətinliyi əsas odur ki, sərhədləri doğru nizamlayasan və psixologiyanın etik prinsiplərinə nəzarət edəsən. Həmçinin, daim konfranslara, seminarlara qatılmaq lazımdır. Yeni terapiyalar yeni yollarla insanlara daha tez təsir etmə imkanları verir, fərqli baxışı yaradır. Bunu da əlavə etmək istərdim ki, universitet təhsilin kənar seminarlar, təlimlər mütləq alınmalıdır. Praktikanın inkişafına o təsir edir.
Düzdür, təlimlərdə müəyyən qədər ödəmə olunur, bu səbəbdən də, o təlimləri keçən insanlar öz işlərinə artıq bələddir və seans ödəmələri də ucuz olmur. Lakin bəzi faktlar da var ki, nə təhsili olmayan, nə də təlimlər də iştirak etməyən şəxsin qəbulu da baha olur. Bu artıq insanların öz seçimidir, o şəxslər yalnız konsultasiya edir, seansın davamını isə apara bilmir, çünki metodikası yoxdur”.
Fatimə Bayramova vurğulayıb ki, psixologiya peşəsinin çətin tərəfi həm də nəticənin dərhal görünməməsidir:
“Bəzən bizə müraciət edən şəxslər neçə seansa problemlərinin həll olunacağını soruşurlar. Söhbət psixologiyadan, sənin uşaqlığından, gəncliyindən gedirsə onu demək mümkün deyil. Deyən şəxs də psixoloq deyil. Problem eyni ola bilər, amma insanlar fərqlidir, ayrı-ayrı şəxsiyyətdirlər. Təbii ki, hər kəs eyni halda nələrisə həyatından çıxara bilməz.
Bizim hər birimiz öz konsturktorlarımız var. Hər kəs hadisələrə öz fərqli prizmasından yanaşır. Həmçinin, məhz elə buna görə də psixoloq əsla subyektiv fikir bildirə bilməz. Bu sahənin ən böyük problemlərindən biri də son zamanlarda psixoloqların çoxalmasıdır. Əslində, kəmiyyət artıqca keyfiyyət aşağı düşür. Çox istərdim ki, bu sahədə güclü yoxlamalar aparılsın”.
Elmir



