Özəl tibb sektorunda xidmətlərin qiymətləri bir çox insan üçün kifayət qədər yüksək görünür.
Məsələn, özəl klinikalarda bir həkim müayinəsinə getmək adətən 50-80 manat aralığında dəyişir. Laborator analizlərin qiyməti isə daha geniş diapazondadır - bəzi sadə testlər 50-100 manat olsa da, xüsusi və daha kompleks analizlərin qiyməti 350-500 manata qədər yüksələ bilir.
Bu isə təbii olaraq sual yaradır: özəl tibb müəssisələrində həkim qəbulunun və ümumilikdə tibbi xidmətlərin qiymətləri niyə bu qədər yüksəkdir?
Mövzu ilə bağlı tibbi ekspert, həkim-terapevt Rasif Bağırov Hit.az-a açıqlamasında bildirib ki, özəl səhiyyə müəssisələrində xidmət haqları sabit deyil və çox vaxt konkret bir tarif cədvəlinə bağlı olmur:

“Hər həkim və ya klinika öz xidmətinin dəyərini fərdi şəkildə müəyyənləşdirdiyi üçün eyni müayinə müxtəlif yerlərdə fərqli qiymətə təklif oluna bilir. Bu vəziyyət nəticəsində pasiyentlər bəzən eyni tibbi xidmət üçün fərqli məbləğlərlə qarşılaşırlar. Bu da ümumi qiymətlərin qeyri-bərabər və dəyişkən görünməsinə səbəb olur”.
Həkim diqqətə çatdırıb ki, özəl səhiyyədə xərclər əvvəlcədən dəqiq proqnozlaşdırıla bilmir:
“Bu da bəzi insanlar üçün əlavə çətinlik yaradır. Bununla yanaşı, belə qiymət formalaşması yalnız yerli praktika deyil. Bir çox ölkələrdə özəl tibb sektoru oxşar prinsiplərlə işləyir və qiymətlər klinikanın daxili siyasətinə və həkimin peşəkar dəyərinə görə dəyişir”.
Günel Cəlilova


