Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib

ÖLKƏ
17:15 / 14.10.2026
110

Əməkdar jurnalist Ənvər Qafarlı dünyasını dəyişib.

Hit.az xəbər verir ki, milli mətbuatımızın və teleradio yayımımızın inkişafında müstəsna xidmətləri olan Ənvər Qafarlı öz dərin peşəkarlığı, zəngin fəaliyyəti və yüksək mənəvi keyfiyyətləri ilə Azərbaycan Dövlət Televiziyasının (AzTV) qızıl dövrünün parlaq nümayəndələrindən biri kimi silinməz iz qoyub.

Ənvər Qafarlı uzun illər AzTV-nin ən əsas xəbərlər proqramı olan “Xəbərlər” (keçmiş “Günün ekranı”) redaksiyasının baş redaktoru və redaktoru vəzifələrində çalışaraq operativ və obyektiv televiziya xəbərçiliyinin formalaşmasına böyük töhfələr verib.

Sonrakı illərdə AzTV-nin birinci müavini kimi məsul vəzifədə çalışan Ənvər müəllim teleradio yayımının idarə olunmasında və kadr potensialının artırılmasında əvəzsiz xidmətlər göstərib. Geniş dünyagörüşünə və zəngin idarəçilik təcrübəsinə malik olan Ənvər Qafarlı dövlət qulluğunda da səmərəli fəaliyyət göstərib, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparatında Mətbuat Xidmətinin Rəhbəri vəzifəsində çalışıb. 

Ömrünün son dövrlərində isə İnsan Hüquqları İctimai Birliyinin sədri kimi vətəndaş cəmiyyətinin inkişafı və ictimai fəaliyyət sahəsində yorulmadan xidmət edib. Ənvər Qafarlı 1976-cı ildə Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl qələm” mükafatına layiq görülüb, sonradan isə “Əməkdar jurnalist” fəxri adı ilə təltif olunub.

Ömrünü dövlətinə və xalqına xidmətə həsr etmiş Ənvər Qafarlının əziz xatirəsi həmkarlarının, mətbuat ictimaiyyətinin və onu sevənlərin qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

0