Səhrada quyular qazaraq 57 heyvan növünə su verirlər: Bu işi vəhşi atlar görür

DÜNYA
18:18 / 14.10.2026
52

ABŞ-ın Arizona ştatındakı Sonora səhrasında vəhşi atlar və eşşəklər quru torpağı qazaraq yeraltı suya çatır və digər heyvanlar üçün su mənbələri yaradırlar. Araşdırmalar göstərib ki, bu quyulardan quşlar, marallar, dağ şirləri və qara ayılar da daxil olmaqla, 57 növ onurğalı heyvan istifadə edir.

HİT.az xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Tədqiqatçılar 2015-ci ildə bu quyuları araşdırmağa başlayıblar. Üç yay mövsümü ərzində aparılan müşahidələr nəticəsində müəyyən edilib ki, bəzi ərazilərdə vəhşi atların və eşşəklərin qazdığı quyular səthdəki su ehtiyatlarının əsas hissəsini təşkil edir. Hətta bir ərazidə çay quruduqdan sonra quyular heyvanlar üçün yeganə içməli su mənbəyinə çevrilib. Digər ərazidə isə mövcud səth sularının 74 faizi bu quyuların payına düşüb.

Tədqiqat zamanı Sonora və Moxave səhralarının beş ərazisində fototələlərdən istifadə olunub. Müşahidələr göstərib ki, bu quyulardan istifadə edən heyvan növlərinin sayı çay kənarlarında qeydə alınan göstəriciyə yaxın olub. Su olmayan quru ərazilərlə müqayisədə isə quyuların ətrafında müşahidə edilən növlərin sayı 64 faiz çox olub.

Alimlərin hesablamalarına görə, quyular su mənbələri arasındakı orta məsafəni də 843 metr azaldıb. Bu isə xüsusilə yayda, yüksək temperatur səbəbindən kiçik çayların quruduğu dövrlərdə heyvanların suya çatmasını asanlaşdırır.

Quyuların faydası yalnız heyvanlarla məhdudlaşmır. Nəm torpaq bəzi bitkilərin, xüsusilə gənc qovaq ağaclarının böyüməsi üçün əlverişli şərait yaradır. Tədqiqatçılar bəzi ərazilərdə iki metrədək böyüyən və yayı sağ çıxaran qovaq tingləri müşahidə ediblər.

Bununla belə, alimlər vəhşi atların və eşşəklərin təbiətə təsirinin birmənalı olmadığını vurğulayırlar. Bu heyvanlar yerli bitkiləri tapdalaya, torpaq eroziyasını gücləndirə, qida və su uğrunda yerli növlərlə rəqabət apara bilərlər. Buna görə də onların ekosistemə təsiri konkret ərazinin xüsusiyyətlərindən asılıdır.

Tədqiqat göstərir ki, quraq bölgələrdə vəhşi atların və eşşəklərin qazdığı quyular onlarla heyvan növünün suya çıxışını asanlaşdıra bilər. Lakin bu təbii prosesin ekosistem üçün ümumi nəticələrini müəyyənləşdirmək məqsədilə əlavə araşdırmalara ehtiyac var.

Samir
 

0