Diabet riskini yalnız artıq çəki və yüksək qan şəkəri ilə əlaqələndirmək düzgün deyil. Bəzi hallarda qarın nahiyəsində piylənmə, yeməkdən sonra güclü yuxululuq, dəridə rəng dəyişiklikləri və görmənin qeyri-sabit olması da diqqət yetirilməli əlamətlər sırasındadır.
HİT.az xəbər verir ki, bu barədə klassik və Çin təbabəti üzrə həkim İrina Starkova “Gazeta.Ru” nəşrinə danışıb.
Həkimin sözlərinə görə, diabet riskini qiymətləndirərkən yalnız tərəzidəki çəkiyə deyil, bel çevrəsinə də diqqət yetirmək lazımdır. Bel çevrəsinin qadınlarda 80, kişilərdə isə 94 santimetrdən çox olması risk göstəricilərindən biri hesab edilə bilər. Belə ki, visseral piylər hətta normal bədən çəkisi olan insanlarda da daxili orqanların ətrafında toplana bilər.
Starkova yeməkdən sonra güclü yuxululuq və halsızlığın təkrarlanmasını da diqqətə alınmalı əlamətlərdən biri kimi göstərib. Onun sözlərinə görə, bəzi insanlarda yeməkdən 2-4 saat sonra titrəmə, əsəbilik və şirniyyata güclü istək də yarana bilər. Belə hallarda karbohidrat mübadiləsinin vəziyyətini yoxlamaq məqsədəuyğundur.
Həkim boyun, qoltuqaltı, dirsək və döş altı nahiyələrdə dərinin tündləşməsi və məxməri görünüş almasının da insulin müqaviməti ilə əlaqəli ola biləcəyini bildirib. Səbəbsiz qaşınma, davamlı göbələk infeksiyaları, çətin sağalan yaralar və tez-tez furunkulların yaranması da diqqətdən kənarda qalmamalıdır.
Qadınlarda polikistik yumurtalıq sindromu, menstrual dövrün pozulması, üzdə sərt tüklərin artması, sızanaqlar və təkrarlanan göbələk infeksiyaları insulin müqaviməti ilə əlaqəli ola bilər. Kişilərdə isə erektil disfunksiya bəzən diabet diaqnozundan illər əvvəl meydana çıxa bilər.
Starkova gecələr sidiyə tez-tez çıxma, ayaq və baldır əzələlərində qıcolmalar, narahat yuxu, nəfəsin dayanması ilə müşayiət olunan güclü xoruldama və görmə kəskinliyinin dəyişməsini də mümkün xəbərdarlıq əlamətləri sırasında qeyd edib.
Həkimlərin tövsiyəsi: Bu əlamətlərin hər biri ayrı-ayrılıqda diabetin mövcudluğunu sübut etmir. Lakin simptomlar təkrarlanırsa və ya bir neçəsi eyni vaxtda müşahidə olunursa, həkimə müraciət etmək və qan şəkərini yoxlatdırmaq vacibdir. Diabet riskini müəyyənləşdirmək üçün klinik qiymətləndirmə və laborator müayinələr əsasdır.
Samir


