Şadlıq saraylarının yaratdığı görünməyən TƏHLÜKƏLƏR

ÖLKƏ
15:30 / 03.11.2026
147

Şadlıq sarayları insanların ən xoş günlərini qeyd etdiyi məkanlar olsa da, onların yaşayış evlərinə həddindən artıq yaxın yerləşməsi ətrafda yaşayan sakinlər üçün bir sıra problemlərə yol aça bilər.

Xüsusilə axşam və gecə saatlarında yüksək səslə səsləndirilən musiqi, mikrofonlardan gələn gurultu və şənliklərin gec saatlara qədər davam etməsi insanların istirahətinə mane olur. Lakin məsələ bununla da bitmir. Restoranların mətbəxindən yayılan kabab tüstüsü, kəskin qoxular, havalandırma sistemlərinin yaratdığı narahatlıq və tullantıların ətrafa təsiri də sakinlərin gündəlik həyatına mənfi təsir göstərə bilər.

Təsadüfi deyil ki, ötən gün sosial şəbəkələrdə yayılan görüntülərdə restoranlardan birində kabab bişirilərkən yaranan tüstünün ətraf ərazini bürüdüyü görünürdü. Bəs yaşayış binalarının yaxınlığında fəaliyyət göstərən şadlıq sarayları hansı ekoloji və sosial problemlərə səbəb olur?

Sosioloq Mətləb Salahov Hit.az-a açıqlamasında bildirib ki, ölkəmizdə sosial təyinatlı istehsal və ya iaşə obyektlərinin harda gəldi tikilib fəaliyyətə başlaması, bu sahədəki xaos və anarxiya qarşısıalınmaz fəlakətə çevrilib:

414638

“Necə ki, harda gəldi tikilən hündürmərtəbəli binalar paytaxt Bakını fəlakət həddinə gətirib çıxarıb, eyniilə də şadlıq sarayları, kafe və restoranların da yaşayış massivlərinin “ağzının içində” fəaliyyət göstərməsi, səs-küy, yemək qoxusu və tüstü əhalini ciddi narahat edir. Kafe və şadlıq evlərindəki sərxoş insanların nalayiq söyüşləri, bağırtıları bütün ətraf aləmə yayılır, insanlar evlərində sarsıntı keçirirlər.

Məgər bu obyekt sahibləri belə rəzalətli vəziyyətdən bixəbərdirlər? – qətiyyən! Sadəcə əmindirlər ki, onların bu qanunsuz fəaliyyəti barədə ölçü götürülməyəcək, ya da yüngül “cəza” ilə canlarını qurtaracaqlar. Obyektin səs izolyasiyasını düzgün qurmayan, güclü səs-küylü musiqi sistemlərindən, açıq havada və ya lazımi filtrlər quraşdırılmadan işləyən şadlıq sarayları və kababxanadan, eləcə də narahatlıq yaradan generatorlardan istifadə edən sahibkarlar isə ciddi şəkildə cəzalandırılmırlar”.

Ekspert qeyd edib ki, bu obyektləri qurub pul qazananlar sakinlərin rahatlığını və sağlamlığını riskə atdıqlarını bilməlidirlər:

“Bu isə qətiyyən yolverilməzdir. Çünki insanlar öz evində gecə saatlarında səs-küydən yata bilmirlər. İşin dəhşətli tərəfi odur ki, yerli idarəetmə strukturları, müvafiq icra hakimiyyəti orqanları insanları narahat edən bu fəlakətli vəziyyətə heç münasibət belə bildirmirlər.

Sanki hər şey belə də olmalı imiş. Mədəni, sivil cəmiyyətlərdə bu cür müəssisələr yaşayış massivlərindən mümkün qədər kənarda quraşdırılır. Məqsəd əlbəttə ki, əhalinin istirahət və sağlamlığına ziyan vurulmamasıdır. Lakin bizdə hər şey tam tərsinədir”.

Həmsöhbətimizin sözlərinə görə, hələ də bu cür obyekt sahibləri barədə nə ciddi tədbirlər görülür, nə də problemin həlli üçün gözəçarpacaq addımlar atılmır:

“Toy mədəniyyətimizin və adətlərimizin yoxa çıxdığı, şadlıq saraylarında səsgücləndirici aparatlarla qulaq batıran “musiqinin” insan psixologiyasına ölümcül zərər vurduğu bu günlərdə təəssüf ki, sakitliyə riayət etmək, başqalarını narahat etməmək kimi insani dəyərlər heç kimin yadına düşmür. Əfsuslar olsun ki, bir çox dəyərlər kimi, başqalarını narahat etməmək kimi zərif vərdişləri də beyin hüceyrələrimizdən silib atmışıq.

Şəhər mədəniyyətindən, birgəyaşayış qaydalarından xəbərsiz obyekt sahibləri bu gün söyülən söyüşlərlə, kabab iyi və tüstü qoxusu ilə həm də minlərlə insanın normal yaşayış hüququnun üstündən xətt çəkirlər. Hesab edirəm ki, Milli Məclisdə səviyyəsində belə müəssisələrin yaşayış binalarından kənarda fəaliyyət göstərməsini qadağan edən və sərt cəza tədbirlərini nəzərdə tutan qanunun qəbuluna böyük ehtiyac var”.

Sevinc

0