Gəncədə bir neçə il ərzində silsilə oğurluq hadisələri törətməkdə ittiham olunan şəxslə bağlı məhkəmə qərarı diqqətçəkən məqamları üzə çıxarıb.
Qaynarinfo xəbər verir ki, 2019-cu ildən 2024-cü ilədək davam edən hadisələrlə bağlı araşdırma zamanı onun 10 oğurluq və bir xuliqanlıq hadisəsi törətdiyi müəyyən edilib. Lakin sonradan məlum olub ki, həmin şəxs paranoid şizofreniyadan əziyyət çəkir və hadisələr baş verən zaman öz hərəkətlərinin mahiyyətini dərk etmək, onları idarə etmək iqtidarında olmayıb.
İş materiallarına görə, hadisələrin ilk epizodu 2019-cu ildə Gədəbəy rayonunun Soyuqbulaq kəndində qeydə alınıb. Bundan sonra Gəncənin müxtəlif ərazilərində, o cümlədən Gülüstan qəsəbəsində və başqa ünvanlarda oxşar hadisələr baş verib. Bəzi hallarda fərdi yaşayış evlərinə, bəzi hallarda isə yarımtikililərə qanunsuz daxil olunub.
İstintaq materiallarında zərərçəkənlərə dəymiş ziyanın məbləği ayrı-ayrı epizodlar üzrə göstərilib. İlk hadisədə 809 manat, ikinci epizodda 10 min 560 manat, üçüncüdə 781 manat, dördüncüdə 1 606 manat, beşincidə 11 min 351 manat, altıncıda 10 min 140 manat, yeddincidə 2 min 350 manat, səkkizincidə 1 500 manat, doqquzuncuda 820 manat, onuncuda isə 1 400 manat ziyan qeydə alınıb.
Beləliklə, 10 oğurluq epizodu üzrə ittihamda göstərilən ümumi maddi zərər 41 min 317 manat təşkil edib.
Hadisələrin sonuncu epizodu isə oğurluq deyil, xuliqanlıqla bağlı olub. 2024-cü ildə Gəncədə məktəb yaxınlığında taksi sürücüsü ilə yaranan mübahisə zamanı həmin şəxs açar topasından silah qismində istifadə edərək sürücünün baş və üz nahiyələrinə zərbələr endirib. Nəticədə zərərçəkən yüngül bədən xəsarətləri alıb.
İş üzrə araşdırma zamanı şəxsin psixi sağlamlığı məsələsi xüsusi əhəmiyyət kəsb edib. 2019-cu ildə keçirilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyində onun həmin vaxt anlaqlı olduğu bildirilsə də, sonrakı müayinələr fərqli nəticə ortaya qoyub. 2025-ci ildə aparılan kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizanın nəticəsində ona paranoid şizofreniya diaqnozu qoyulub.
Ekspertiza rəyinə əsasən, xəstəlik onun hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməsinə, eləcə də davranışını idarə etməsinə mane olub. Həmçinin xəstəliyin kəskinləşmə mərhələsində olduğu, şəxsin özü və ətrafdakılar üçün təhlükə yaratdığı, stasionar müalicəyə ehtiyac duyduğu bildirilib.
Məhkəmə araşdırması zamanı zərərçəkənlərin bir qismi dəymiş ziyanın tam və ya qismən ödənildiyini bildirib. Bəzi şəxslər şikayət və tələblərinin olmadığını qeyd etsələr də, digərləri ziyanın ödənilmədiyini əsas gətirərək narazılıqlarını davam etdiriblər.
Gəncə Şəhər Məhkəməsi 19 oktyabr 2026-cı il tarixli qərarı ilə şəxsin Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq), 177.2.3-cü (oğurluğun yaşayış sahəsinə, binaya, anbara və ya başqa saxlanc yerinə qanunsuz daxil olmaqla törədilməsi), 177.2.4-cü (oğurluğun xeyli miqdarda ziyan vurmaqla törədilməsi) və 221.3-cü (silah və ya silah qismində istifadə edilən əşyadan istifadə etməklə törədilən xuliqanlıq) maddələrində nəzərdə tutulan əməlləri anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlib.
Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə (anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməməsi) əsasən, o, cinayət məsuliyyətindən azad edilib. Məhkəmə, eyni zamanda, Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq onun ümumi tipli psixiatriya stasionarında məcburi müalicə olunması barədə qərar qəbul edib.


