Bakının Nəsimi rayonunda bir gecə ərzində 10 şam ağacının kəsilməsi sakinlərin narazılığına səbəb olub.
HİT.az xəbər verir ki, hadisə 20 Yanvar metrostansiyasından “Şamaxinka” istiqamətində, Moskva prospekti 110/116 saylı binanın qarşısında qeydə alınıb.
“Xəzər Xəbər”in əraziyə baş çəkərək hazırladığı reportajda məlum olub ki, ağacların kəsildiyi ərazidə yaşıllıq zolağının bərpası istiqamətində də işlər aparılır. Belə ki, işçilər qurumuş ağacları budayır, torpağı belləyir, kəsilmiş ağacların kötükləri yaxınlığında isə yeni tinglərin əkilməsi üçün yerlər hazırlayırdılar.
Ərazidə yaşayan sakinlərin də məsələ ilə bağlı fikirləri öyrənilib.
Nəsimi Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov isə ağacların kəsilməsinə münasibət bildirərkən onların quruduğunu və təhlükəli vəziyyətdə olduğunu deyib.
Onun sözlərinə görə, Moskva prospekti boyunca uzanan yaşıllıq zolağında müvafiq rəsmi rəylər əsasında qurumuş ağaclar götürülüb, əvəzində yeni tinglər əkilib.

