Noyabrın ilk yarısında Avropanın böyük hissəsində havaların soyuması gözlənilsə də, qitənin cənub-qərbində demək olar ki, yay havası hökm sürəcək. İspaniya və Portuqaliyada temperaturun 26 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.
HİT.az xəbər verir ki, bu barədə Polşanın “DobraPogoda24.pl” nəşri məlumat yayıb.
Proqnoza əsasən, istiləşməyə Atlantik okeanından gələn böyük siklonun təsiri səbəb olacaq. Həmin hava axınları Pireney yarımadasına isti hava kütlələri gətirəcək. Nəticədə Mərkəzi, Şimali və Şərqi Avropada temperatur aşağı düşdüyü halda, İspaniya və Portuqaliyada mülayim və isti hava şəraiti davam edəcək.
Sinoptiklər ən nəzərəçarpan istiləşmənin noyabrın 7-dən 10-dək müşahidə olunacağını bildirirlər. Portuqaliyanın cənubunda, İspaniyanın mərkəzi və cənub bölgələrində, eləcə də Fransanın cənub-qərbinin bəzi ərazilərində gündüz temperaturu 20-26 dərəcəyə çatacaq.
Məlumata görə, bəzi ərazilərdə temperatur mövsüm normasından 4-9 dərəcə yüksək olacaq. Bu yaxınlarda İspaniyanın Sevilya şəhərində 28, Portuqaliyanın Monte-Real bölgəsində isə 27,7 dərəcə isti qeydə alınıb.
Bununla belə, istilik dalğası bütün Avropanı əhatə etməyəcək. Ukrayna və Polşada yaxın günlərdə gündüz temperaturunun 3-12 dərəcə arasında dəyişəcəyi, gecələr isə şaxtaların başlayacağı gözlənilir.
Ukraynada noyabrın 3-5-də gecə temperaturunun 0-5, gündüz isə 3-8 dərəcə olacağı proqnozlaşdırılır. Həftənin sonuna doğru bəzi bölgələrdə ilk qarın yağacağı da istisna edilmir.
Samir


