Azərbaycanda heyvandarlığın inkişafı üçün vacib amillərdən biri olan örüş sahələrinin çatışmazlığı son dövrlər diqqətçəkən məsələlərdəndir.
Otlaq ərazilərinin azalması, torpaqlardan düzgün istifadə edilməməsi və mövcud sahələrin vəziyyəti heyvandarlıqla məşğul olanların işini çətinləşdirir. Bəs örüş torpaqlarının azalmasına hansı amillər səbəb olumr və problemin aradan qaldırılması üçün hansı tədbirlər görülməlidir?
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, Azərbaycanda örüş sahələrinin çatışmazlığı ilk növbədə mövcud torpaq ehtiyatlarından səmərəli istifadə edilməməsi, torpaqların təyinatının dəyişdirilməsi və bir hissəsinin qanunsuz zəbt olunması ilə bağlıdır:
“Ölkədə 2 milyon hektardan çox örüş sahəsinin olduğu bildirilir. Lakin bu torpaqların hamısı faktiki olaraq heyvandarlığın istifadəsində deyil. Mövcud örüş sahələrinin təxminən dörddə birinin müxtəlif formalarda zəbt edildiyi, çəpərləndiyi və başqa məqsədlər üçün istifadə olunduğu qeyd edilir. Problemin yaranmasında bələdiyyə torpaqlarının idarə olunması ilə bağlı nöqsanların da rolu var.
Bələdiyyələr formalaşdıqdan sonra örüş sahələrinin bir hissəsi onların mülkiyyətinə və idarəçiliyinə keçib. Sonrakı dövrdə bu torpaqların bir qismi icarəyə verilib, satılıb və ya faktiki olaraq fərdi təsərrüfatların istifadəsinə verilib. 2016-cı ildən aqroparkların yaradılması prosesi də müəyyən örüş ərazilərinin kənd təsərrüfatı istehsalına cəlb edilməsinə səbəb olub. Həmin torpaqların bir hissəsində təyinat dəyişikliyi qanuni qaydada aparılsa da, nəticədə heyvandarlıq üçün istifadə olunan ərazilər azalıb”.

Ekspert onu da əlavə edib ki, eroziya və deqradasiya nəticəsində təxminən 600 min hektara yaxın örüş sahəsinin dövriyyədən çıxması vəziyyəti daha da ağırlaşdırıb:
“Bu problemin həlli üçün ilk növbədə örüş torpaqlarının inventarlaşdırılması aparılmalı, onların hüquqi statusu və faktiki istifadə vəziyyəti müəyyən edilməlidir. Qanunsuz zəbt olunmuş, çəpərlənmiş və təyinatı pozulmuş örüş sahələri qanun çərçivəsində geri qaytarılaraq əvvəlki funksiyasına uyğun istifadəyə verilməlidir. Bununla yanaşı, örüş torpaqlarının başqa məqsədlərlə istifadəsinə ciddi nəzarət edilməli, bələdiyyələrin və digər torpaq mülkiyyətçilərinin məsuliyyəti artırılmalıdır.
Digər vacib istiqamət mövcud örüş sahələrinin məhsuldarlığının bərpasıdır. Deqradasiyaya uğramış ərazilərdə ot örtüyünün yenilənməsi, suvarma və su təminatının yaxşılaşdırılması, otlaq dövriyyəsinin tətbiqi və torpaqların eroziyadan qorunması istiqamətində tədbirlər görülməlidir. Çünki sadəcə yeni örüş sahələri ayırmaqla problemi həll etmək mümkün deyil, mövcud torpaqların daşıma qabiliyyətini və məhsuldarlığını artırmaq lazımdır”.
Onun sözlərinə görə, heyvandarlıq təsərrüfatlarının yerləşdirilməsi zamanı örüş sahələrinin mövcudluğu əsas meyarlardan biri olmalıdır:
“Yeni aqroparklar və iri təsərrüfatlar yaradılarkən ərazidəki ənənəvi heyvandarlıq imkanlarının məhdudlaşdırılmasına yol verilməməlidir. Əks halda, bitkiçilik istehsalının genişləndirilməsi heyvandarlığın inkişafı hesabına başa gələ bilər. Əslində, məsələ təkcə örüş sahələrinin çatışmazlığında deyil, torpaq ehtiyatlarının düzgün idarə olunmamasındadır.
Azərbaycan mövcud örüş torpaqlarının nə qədərinin qanuni istifadə edildiyini, nə qədərinin zəbt olunduğunu və nə qədərinin yararsız vəziyyətə düşdüyünü dəqiq müəyyənləşdirməlidir. Bu istiqamətdə şəffaf uçot və ciddi nəzarət yaradılmadan heyvandarlığın inkişafı, ət və süd istehsalının artırılması, eləcə də idxaldan asılılığın azaldılması çətin olacaq”.
Sevinc

