Xəzər dənizinin sahilboyu ərazilərində 3 227 qanunsuz tikili aşkarlanıb.
HİT.az Report-a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Torpaqların dövlət idarəetməsinin təşkili və geodeziya şöbəsinin müdiri İlqar Həbiyev Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifində bildirib.
Onun sözlərinə görə, həmin qanunsuz tikililərin ümumi sahəsi 58,9 hektar təşkil edir.
"Azərbaycanda ümumilikdə 753 km sahil xətti boyunca monitorinq işləri həyata keçirilib. Monitorinqlər Bakı şəhəri və 9 rayon olmaqla, ümumilikdə 18 şəhər və rayon ərazisində aparılıb. Monitorinq keçirilən sahilboyu ərazilərin uzunluğuna görə Bakı 316 km-lə ilk sırada qərarlaşıb. Lənkəranda 111 km, Neftçalada 87 km, Xaçmazda 65 km, Xızıda 44 km, Sumqayıtda və Siyəzəndə 37 km, Astarada 22 km, Şabranda 20 km, Salyanda isə 14 km sahil xətti araşdırılıb", - deyə ƏMDX rəsmisi əlavə edib.


