184 minlin "Alpen Gold" və "Oreo" yükünü Rusiyaya aparıb satdı - 5 il 6 ay həbs cəzası aldı

ÖLKƏ
20:39 / 18.11.2026
40

Gürcüstandan Özbəkistana daşınmalı olan 184 min manatdan artıq dəyərdə şokolad və peçenye yükünün marşrutunu dəyişərək Rusiyaya aparan şəxsə hökm oxunub.

Qaynarinfo.az xəbər verir ki, məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs Dağıstanın Maxaçkala şəhərində yaşayan, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olaraq “BENE Group” LTD-yə məxsus yükün mənimsənilməsini təşkil edib.

Söhbət Gürcüstanın Tbilisi şəhərində yerləşən “Mondelez International” şirkətinin anbarından götürülmüş 15 ton 81 kiloqramdan artıq “Alpen Gold” şokoladı və 4 ton 255 kiloqram “Oreo” peçenyesindən gedir. Məhsulların ümumi dəyəri 108 min 731,60 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə isə 184 min 843 manat 72 qəpik təşkil edib.

İttihama görə, təqsirləndirilən şəxs yükün Gürcüstandan Azərbaycana, daha sonra isə Bakı-Ələt dəniz limanı vasitəsilə Qazaxıstandan tranzit keçməklə Özbəkistana çatdırılmasını öhdəsinə götürüb. Bununla da “BENE Group” LTD-nin nümayəndəsinin etibarını qazanaraq yükü qəbul edib.

Məhsullar Sumqayıt şəhərində, Bakı-Xırdalan yolunun 27-ci kilometrliyində yerləşən TIR parkına gətirildikdən sonra təqsirləndirilən şəxs yükün daşınma marşrutunu dəyişib. O, malları başqa sürücüyə həvalə edərək Azərbaycan-Rusiya sərhədindəki “Samur” gömrük məntəqəsindən Rusiya ərazisinə keçirib. Yük daha sonra Dağıstanın Maxaçkala şəhərinə çatdırılıb və satılıb.

Məhkəmədə təqsirləndirilən şəxs əvvəlcə ittihamı qəbul etməsə də, sonrakı iclasda cinayəti tək törətmədiyini etiraf edib. O, yükün mənimsənilməsində İlham və İsmayıl adlı şəxslərin də iştirak etdiyini bildirib. Onun sözlərinə görə, məhsullar Rusiyada 50 min dollara satılıb, əldə olunan pulun bir hissəsi isə avtomobillərin alınmasına xərclənib. Təqsirləndirilən şəxs saxta sənədi özü hazırlamadığını, lakin həmin sənədi “WhatsApp” qrupuna göndərdiyini də söyləyib.

İttihama əsasən, yükün mənimsənilməsindən sonra cinayətin üstünün açılmasını ləngitmək məqsədilə malların Ələt limanı vasitəsilə Qazaxıstanın Kurık limanına göndərildiyini göstərən, həqiqəti əks etdirməyən sənəd hazırlanaraq zərərçəkmiş şirkətin nümayəndəsinə göndərilib.

Lakin məhkəmə bu epizod üzrə təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 320.1-ci maddəsi (hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədlərin saxtalaşdırılması, qanunsuz hazırlanması və ya belə sənədlərdən istifadə edilməsi) ilə nəzərdə tutulan cinayət tərkibinin olmadığını müəyyən edib. Buna görə də həmin maddə ilə ona bəraət verilib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (külli miqdarda ziyan vurmaqla dələduzluq) ilə təqsirli bilib. Hökmə əsasən, ona 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
 

0