İnsanlar niyə canına qəsd edir?

HADİSƏ
23:32 / 01.05.2024
489

Demək olar ki, hər gün intihar xəbəri eşidirik. Biri özünü güllələyir, biri asır, başqa birisi hündürlükdən atır.

İnsanları intihar etməyə məcbur edən amillər nədir? 

Psixoloq Könül İsmayılova Hit.az-a şərhində deyib ki, yaz və payız fəsillərində insanlarda sinir sistemləri oyanır və mühitə uyğunlaşa bilmir. Nəticədə insanda əsəb gərginliyi yaranır. Bu da intiharların baş verməsinə gətirib çıxarır:

“İntiharlar neqativ enerjidən yaranır. Pis enerjilər insanlara ötürülür. Ümumiyyətlə, insanı yaşadan həyat eşqidir. İnsanın həyata məhəbbəti olsa, nə qədər çətinliyi olsa belə, o çətinliklərə qalib gəlir. İnsan özünə qapanır, sevgisiz, həvəssiz olur, səbəbsiz ağrıları, qəlbində sıxılmalar olur, yuxuya gedərkən ayağı sanki boşluğa düşür, yaxud yüksəklikdən yıxıldığını hiss edərək, oyanır. Bəzi xəstələrdə gecələr tez-tez sidiyə çıxma, yaxud həzm problemləri olur, bəziləri isə ətrafından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini, yol gedərkən arxadan izləndiyini hiss edir. Səbəbsiz əsəbləşir və səbəbsiz ağlayır, içindəki dəhşətli sıxıntı onu intihara sövq edir. Ümumiyyətlə, intihar fikrində olan insanda, bir qayda olaraq, övladlarına və yaxınlarına qarşı sevgi hissi olmur. Bu hiss onların qəlbindən silinir. Yaxınlarının hər bir xoş hərəkəti onu əsəbləşdirir. Əslində, bütün bunlar fizikanın qanunlarına uyğun olaraq baş verir və bu elmlə də aradan qaldırılmalıdır”.

Psixoloqun dediyinə görə, bu gün Azərbaycanda milli-mənəvi və ailə dəyərləri qorunub saxlanıla bilmir:

“Ailə dəyərlərimizə olan kənar müdaxilələr artdıqca, intiharların sayı çoxalır. Bu gün ailə dəyərlərinə olan kənar müdaxilələrin çoxluğu özünü boşanmaların artan statistikasında da biruzə verir. Burada məsələyə fərdi , subyektiv yox, ümumi cəmiyyət baxımdan yanaşılmalıdır”.

Sevinc

0