Azərbaycanla yekun sülh sazişinin imzalanması üçün Ermənistan öz Konstitusiyasını dəyişməlidir.
HİT.az "Report"a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful Almaniyanın "Tagesschau" telekanalına müsahibəsində bildirib.
XİN başçısı qeyd edib ki, hazırda Cənubi Qafqazda vəziyyət müsbət məcrada inkişaf edir.
"Bu, uzun illər davam edən və hər iki tərəfdən - Ermənistan və Azərbaycanda on minlərlə insanın ölümünə səbəb olan bir münaqişədir. Hazırda vəziyyət müsbət istiqamətdə inkişaf edir. Hər iki tərəf razılaşmalar əldə edib. Lakin sülh sazişi hələ imzalanmayıb, bu isə şübhəsiz ki, zəruri addımdır. Bundan başqa, etimadı gücləndirmək və Avropanın da bu prosesi dəstəklədiyini nümayiş etdirmək vacibdir. Məhz buna görə də mən regiona səfər etdim və sülhə doğru son addımların atılmasına öz töhfəmi verməyə çalışıram", - o əlavə edib.
Y.Vadeful sülh sazişinin tezliklə imzalanmasının vacibliyini vurğulayıb: "Hər şeydən əvvəl, müvafiq sazişin imzalanması son dərəcə vacibdir. Bunun üçün Ermənistan öz Konstitusiyasını dəyişməli və ya yenisini təqdim etməlidir".
Onun sözlərinə görə, yekun sülhün bərqərar olması böyük imkanlar açacaq.
"Biz ən müxtəlif malların, xammalın, enerji resurslarının, eləcə də elektrik enerjisinin tədarükü üçün yeni nəqliyyat marşrutları yarada biləcəyik. Düşünürəm ki, bu, böyük bir fürsətdir. Bu, həm də insanlar arasında mədəni qarşılıqlı əlaqəni inkişaf etdirməyə imkan verəcək", - nazir əlavə edib.


