“Kredit bombası”

İQTİSADİYYAT
11:49 / 27.07.2020
2794

Natiq Cəfərli

Dünyada virusla bağlı iqtisadi problemlər dərinləşir, dünya iqtisadiyyatı daralır, böyük ölkələrdə belə ÜDM azalması 5% ilə 30% arasında dəyişir, dünyada hökumətlər böhrandan çıxış yolları axtarır və bu yollardan ən vacibi və effektli olanı həm vətəndaşa, həm də biznesə ciddi güzəştlərlə təqdim edilən kreditlərdir. 

Əslində dünyada heç vaxt indiki qədər likvidlik bolluğu olmayıb. ABŞ, Avropa Birliyi, Çin, Yaponiya, BVF-du, Dünya Bankı – hamı “göydən pul səpir” ki, iqtisadiyyatın çarxları yenidən dönməyə başlasın, böhran daha da dərinləşməsin, işsizlik və yoxsulluq artmasın. 

Dünya üzrə iqtisadi təşviq paketlərinin həcmi 15 trilyon dollara çatmaq üzrədir. Göydən pul səpməyin də fəsadları var, dünya iqtisadiyyatı bunun da altını gələcəkdə çəkəcək (artıq fəsadlar özünü göstərir, birjalarda “şarlar” yaranır, qızılın qiyməti qalxır, iqtisadiyyatın daralmasına baxmayaraq səhmlərin qiyməti qalxır – bu ciddi problemdir, gələn bazar günü bu haqda yazacam), amma dünya “çox pis” ilə “pis” arasında seçim etməli idi – hələ ki, “pis” olanı seçib kreditlər (istehlak, biznes, ipoteka) hesabına iqtisadiyyatı diriltmə əməliyyatına start verib.

ABŞ-da daşınmaz əmlak satışları iyunda 20%-dən çox artıb – çünki, çox böyük faiz endirimləri, əlverişli şərtlər təklif olunur ki, tikinti sektoru canlansın, bu sahənin “multiplikativ” effekti bütün iqtisadiyyata, ən azı 10 yan sahəyə pozitiv təsir edir. Eyni yanaşma istehlak, əsasən də avtomobil satışında da tədbiq edilir.

Türkiyədə də ciddi faiz endirimi, çox sərfəli şərtlər təklif olundu, iyun ayında qardaş ölkədə daşınmaz əmlak satışı keçən ilin eyni ayına görə 209,7%, ipoteka ilə satışlar isə eyni müqayisədə 12 dəfə (!!!) artıb, yeri gəlmişkən, tək elə iyunda Azərbaycan vətəndaşları Türkiyədə 71 daşınmaz əmlak alıblar. Türkiyə hökuməti bu addımı ona görə atdı ki, turizmin itirildiyi ildə, heç olmasa daşınmaz əmlak bazarında canlanma yaşansın, tikinti sektoru arxası ilə azı 10 sahəni dartıb-aparsın, beləliklə də Türkiyə iqtisadiyyatı kəskin daralmadan özünü az da olsa sığortalasın. Eyni yanaşma istehlak, əsasən də avtomobil satışında da tədbiq edilir, iyun ayında Türkiyədə avtomobil satışları tarixi rekord səviyyədə olub.

Rusiyada da bənzər addımlar atdılar – Bu gün Şimal qonşumuzda mənzil (ev) kreditlərinin orta faiz dərəcəsi 7,4%-ə düşüb, ilkin ödəniş isə 15% civarındadır, kənd yerlərində fərdi ev tikmək istəyən rusiyalılara kredit illik 3%-lə verilir. Səbəb eynidir – tikinti sektorunun “multiplikativ” effektini bütün iqtisadiyyata yayamaq istəyirlər ki, canlanma olsun, iş yerləri yaransın. Rusiya MB-ı uçot dərəcəsini 4%-ə saldı və elan etdi ki, istehlak və biznes kreditləri 6-8% civarında olacaq.

Gələk bizim başıbəlalı məmləkətimizə - İyun ayı üçün rəsmi məlumatlara görə bütün istiqamətlər üzrə kredit faizləri artıb, ortalama kredit faizləri: 

1) İyulun 1-nə milli valyutada verilən avtomobil kreditləri üzrə orta faiz dərəcəsi 18%, ABŞ dolların verilən kreditlər üzrə isə 16% təşkil edib, 

2) Məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə orta faiz dərəcəsi milli valyutada 22%, ABŞ dollarında 11% olub, 

3) Yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə orta faiz dərəcəsi bu müddətdə dəyişməyərək manatda 21%, dollarda 13% təşkil edib, 

4) Kredit kartı vasitəsilə verilən kreditlər üzrə orta faiz dərəcəsi manatda 23%, dollarda 11% olub, 

5) İpoteka, mənzil-ev kreditlərinin əlçatanlığı azdır, faizlər çox yüksəkdir, ilkin ödəniş isə 30% civarındadır.

Primitiv iqtisadi model üzərinə inşa edilən, bir borudan sallanan Azərbaycan iqtisadiyyatının altına “saatlı kredit bombası” qoyulub – iş yerləri qapanıb, vətəndaşın gəlirləri azalıb, biznes can verir, amma kredit güzəştləri olmadı, faizlər hesablanmağa davam edir, beləliklə də payız-qış aylarında toksik, problemli kreditlərin həcmi kəskin artacaq. Bank sistemi stressli vəziyyətə düşəcək, bu isə zatən kövrək və primitiv iqtisadiyyatımızda ciddi neqativ dalğalar yaradacaq. Belə yüksək faizlərlə iqtisadiyyatın çarxlarını döndərmək mümkün deyil!

Sözün qısası, bütün dünyada iqtisadiyyatı təcili qurtarma üçün süni tənəffüs kimi kredit siyasətindən istifadə etdikləri halda bizim hökumət can verən iqtisadiyyatın nəfəsini kəsir, kreditlər bahalaşır, əlçatanlığı azalır, kredit güzəştləri tədbiq edilmir, nəticədə ölkənin iqtisadi durumu daha da ağırlaşır. 

Bu prosesi bilmək, görmək, hesablamaq üçün alim olmağa, çox dərin iqtisadi biliklərə malik olmağa ehtiyac yoxdur – hökumət dürüstcəsinə problemləri görüb, etiraf etsə yetər. 

Statistikası siyasi və yalançı olan məmləkətdə ciddi addımlar atmaq da mümkün deyil – rəsmi rəqəmlərlə “rəqs edirlər”, güya, ÜDM cəmi 2,7% azalıb, 5 aydır ölkə iqtisadiyyatı can hayındadı, güya, vergi yığımı artıb. 

Olmur e belə, niyə özünüzü aldadırsınız axı?! 

Nə isə...

0