Azərbaycan ərazisində istehsal olunan bərpaolunan elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Avropa bazarlarına çatdırılmasını nəzərdə tutan “Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinə ümumi investisiyaların həcmi 22 milyard avro qiymətləndirilir.
Bu barədə layihənin texniki-iqtisadi əsaslandırmasında bildirilib. Sənəd tamamlanıb və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri tərəfindən təsdiqlənib. Hazırda layihə tərtibat mərhələsinə keçir.
Bu məbləğin 14,3 milyard avrosu elektrik enerjisinin ötürülməsi sisteminin yaradılmasına, 7,8 milyard avrosu isə bərpaolunan enerji mənbələri əsasında elektrik enerjisi istehsalı güclərinin tikintisinə yönəldiləcək.
Ümumi gücü 3,9 giqavat (QVt) olan dəhlizin yaradılması nəzərdə tutulur. Dəhliz hər birinin gücü 1,3 QVt olan üç elektrik xəttindən ibarət olacaq.
Araşdırmaya əsasən, layihənin daxili gəlirlilik norması (IRR) 11,7% səviyyəsində qiymətləndirilir.
Proqnozlara görə, 2032-ci ilədək dəhliz bərpaolunan mənbələrdən əldə edilən illik 8 teravat-saat (TVt·saat) elektrik enerjisinin Avropa İttifaqına (Aİ) ixracını təmin edəcək. 2040-cı ilədək bu göstəricinin ildə 20 TVt·saata çatacağı proqnozlaşdırılır.
Enerji sistemində yüklənmədən əldə olunan gəlirlərin ( congestion revenues - elektrik enerjisinin topdansatış qiymətləri fərqli olan bazar zonaları və ya regionlar arasında ötürülməsi zamanı yaranan qiymət fərqindən əldə edilən gəlirlər) 2032-ci ildən etibarən ildə 315 milyon avronu ötürəcəyi proqnozlaşdırılır. Bundan əlavə, layihənin həyata keçirilməsi nəticəsində 2040-cı ilədək karbon qazı (CO₂) emissiyalarının ildə 3,6 milyon ton azaldılması mümkün olacaq.
Yeni elektrik xətləri istismara verildikcə layihənin illik iqtisadi səmərəsinin artacağı gözlənilir. Proqnozlara əsasən, 2032-ci ildə birinci xəttin istismara verilməsindən sonra bu göstərici ildə 860 milyon avro təşkil edəcək. 2036-cı ildə ikinci xəttin istifadəyə verilməsi illik iqtisadi səmərəni 1,8 milyard avroyadək artıracaq. 2040-cı ildə üçüncü xəttin istismara verilməsindən sonra isə bu göstəricinin ildə 3 milyard avronu ötəcəyi gözlənilir.
“Xəzər dənizi – Qara dəniz – Avropa Yaşıl Enerji Dəhlizi” Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın iştirak etdiyi transsərhəd elektrik enerjisi ötürülməsi layihəsidir. Layihənin əsası 2022-ci il dekabrın 17-də Buxarestdə Avropa Komissiyasının iştirakı ilə imzalanmış Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində qoyulub.
Layihənin hazırlanmasını Buxarestdə qeydiyyatdan keçmiş və dörd ölkənin milli elektrik şəbəkəsi operatorlarına məxsus "Green Energy Corridor Power Company" (GECO) birgə şirkəti həyata keçirir.
Şirkətin səhmlərinin hər biri 25% olmaqla Azərbaycan “AzərEnerji” ASC, Gürcüstanın "Georgian State Electrosystem", Rumıniyanın "Transelectrica" və Macarıstanın "MVM" şirkətlərinə məxsusdur.
Layihə Avropa Elektrik Enerjisi Ötürmə Sistemi Operatorları Şəbəkəsinin (ENTSO-E) 2026-cı il üçün Onillik Şəbəkənin İnkişafı Planına (TYNDP) 1248 və 1244 nömrələri ilə daxil edilib.
Mənbə: Trend


