Altsheymer xəstəliyinin ilkin mərhələsi yaddaş itkisi və düşünmə qabiliyyətinin zəifləməsi ilə özünü göstərməzdən xeyli əvvəl başlaya bilər. Yeni araşdırma beynin müxtəlif nahiyələri arasında əlaqələrin dəyişməsinin xəstəliyin inkişaf riskini illər öncədən müəyyənləşdirməyə kömək edə biləcəyini ortaya qoyub.
HİT.az xəbər verir ki, bu barədə “Fox News” “Science Advances” jurnalında dərc olunan elmi araşdırmaya istinadən məlumat yayıb.
Tədqiqatçılar beyin skanlarından və kompüter modelindən istifadə edərək yaşlı insanlarda yaddaş və düşünmə qabiliyyətinin niyə fərqli şəkildə dəyişdiyini araşdırıblar. Bunun üçün Altsheymer diaqnozu qoyulmuş şəxslərin beyin göstəriciləri ilə yaddaş qabiliyyətini onilliklər gənc insanlarla müqayisə edilə biləcək səviyyədə qoruyan “superyaşlılar”ın göstəriciləri müqayisə olunub.
Alimlər əsas diqqəti beyində amiloid lövhələrinin toplanması və ya beyin həcminin azalması kimi fiziki dəyişikliklərə deyil, onun müxtəlif hissələrinin bir-biri ilə necə əlaqə saxlamasına yönəldiblər.
Araşdırma zamanı müəyyən edilib ki, yaddaş testlərində normal nəticə göstərən bəzi insanların beyin aktivliyi artıq Altsheymer xəstəliyi olan şəxslərə xas nümunələrə bənzəyir. Digərlərində isə “superyaşlılar” üçün xarakterik beyin fəaliyyəti müşahidə olunub.
Tədqiqatçılar iştirakçıları 12 ilədək izləyiblər. Müşahidələrin əksəriyyəti 5-6 il davam edib. Nəticələr göstərib ki, beyin aktivliyi Altsheymer xəstəliyinə xas olan nümunələrə daha çox bənzəyən şəxslərdə yaddaş və düşünmə qabiliyyəti daha sürətlə zəifləyib. Həmçinin həmin insanlarda amiloid lövhələrinin yaranması və sonradan Altsheymer diaqnozu alma ehtimalı daha yüksək olub.
Araşdırmanın aparıcı müəlliflərindən, Stenford Universitetinin Tibb fakültəsinin psixiatriya və davranış elmləri üzrə dosenti Yu Çjan bildirib ki, əldə olunan nəticələr yüksək koqnitiv qabiliyyətlərini uzun müddət qoruyan insanlarla zehni geriləmə yaşayan şəxslər arasındakı fərqləri daha yaxşı anlamağa imkan verir.
Alimlərin fikrincə, Altsheymer xəstəliyinin müalicəsində əsas çətinliklərdən biri beynin fiziki zədələnməsinin yaddaş problemləri üzə çıxmazdan təxminən 10 il əvvəl başlamasıdır. Bu səbəbdən xəstəlik aşkar ediləndə müalicənin imkanları artıq məhdudlaşa bilər.
Tədqiqatçılar hesab edirlər ki, beynin sağlam fəaliyyətini qoruyan mexanizmlərin öyrənilməsi gələcəkdə xəstəliyin erkən mərhələdə müəyyənləşdirilməsi və yeni müalicə yanaşmalarının hazırlanması üçün əhəmiyyətli ola bilər.
Samir


