İdman zamanı çox tərləmək heç də məşqin daha effektiv olması demək deyil. Bəzən insan yüngül gəzinti zamanı belə çox tərləyə, digər halda isə intensiv məşq etsə də, demək olar ki, tərləməyə bilər.
HİT.az xəbər verir ki, bu barədə rusiyalı terapevt və kardioloq, Piroqov Universitetinin Poliklinik terapiya kafedrasının assistenti Alina Qavrilova “Gazeta.Ru”ya açıqlamasında bildirib.
Həkimin sözlərinə görə, tərləmənin əsas funksiyası orqanizmi soyutmaqdır. Buna görə də məşq zamanı ifraz olunan tərin miqdarı fiziki fəaliyyətin keyfiyyətini qiymətləndirmək üçün etibarlı göstərici sayıla bilməz.
Tərləməyə havanın temperaturu və rütubəti, geyim, genetika, yaş, bədən quruluşu, eləcə də insanın idmana nə dərəcədə alışması təsir göstərir. Bu səbəbdən müxtəlif insanların məşq nəticələrini tərləmə səviyyəsinə əsasən müqayisə etmək düzgün deyil.
Qavrilova saunanı buna nümunə göstərib. Onun sözlərinə görə, saunada gəzinti zamanı olduğundan daha çox tərləmək mümkündür. Lakin bu, əzələlərin güclənməsi və ya dözümlülüyün artması demək deyil. Saunadan sonra tərəzidə görünən 500 qramlıq azalma da əsasən maye itkisi ilə bağlıdır və su qəbulundan sonra çəki bərpa olunur.
Məşqin effektivliyini necə müəyyən etmək olar?
Kardioloq bildirib ki, sürətli yeriş, güc məşqləri, üzgüçülük və velosiped sürmək nəzərəçarpacaq tərləmə olmadan da ürək və əzələlər üçün faydalı ola bilər.
Məşqin intensivliyini müəyyənləşdirmək üçün daha sadə üsul isə danışıq testidir. Əgər fiziki fəaliyyət zamanı danışmaq mümkündürsə, lakin rahat şəkildə mahnı oxumaq çətinləşirsə, bu, orta intensivlikli yük hesab olunur.
Danışarkən yalnız bir neçə söz demək mümkün olursa və insan nəfəs almaq ehtiyacı hiss edirsə, deməli, fiziki yük artıq yüksək intensivliyə çatıb.
Həkim vurğulayıb ki, məşqin keyfiyyətini qiymətləndirərkən tərləməyə deyil, orqanizmin aldığı fiziki yükə və məşqin intensivliyinə diqqət yetirmək daha doğrudur.
Samir


