Həkim siqaret çəkməyin ən zərərli üsullarını açıqladı – İlk sırada hansıdır?

SAĞLAMLIQ
21:54 / 21.11.2026
48

Siqaret çəkməyin müxtəlif formaları arasında ağciyərlərə ən çox zərər vuran üsul adi siqaretlər hesab olunur. Həkimlərin fikrincə, qəlyan, siqar, elektron siqaret və tütün qızdırma sistemləri də sağlamlıq üçün ciddi təhlükə yaradır.

HİT.az xəbər verir ki, bu barədə “Gazeta.ru”ya açıqlamasında “İnvitro” tibb şirkətinin terapevti Yevgeni Kosmınin danışıb.

Həkim 2026-cı ildə dərc olunan icmala istinad edərək bildirib ki, ənənəvi siqaretlər xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) və ağciyər xərçəngi riskinə görə ən zərərli tütün məhsulu hesab olunur.

Onun qiymətləndirməsinə əsasən, növbəti yerlərdə siqar və qəlyan gəlir. Bu məhsulların istifadəsi də ağciyər xəstəlikləri və onkoloji problemlərin yaranması ilə əlaqələndirilir.

Tütünün qızdırılması sistemləri, o cümlədən IQOS, adi siqaretlərdən daha az zərərli kimi təqdim edilsə də, tam təhlükəsiz deyil. Həkim bu cihazların ağciyər toxumasında iltihaba və oksidləşdirici stressə səbəb ola biləcəyini qeyd edib.

Elektron siqaretlər və vaplar da təhlükəsiz alternativ sayılmır. Kosmının sözlərinə görə, onların yaratdığı fəsadlar kəskin ağciyər zədələnməsindən pnevmotoraksa və obliterasiyaedici bronxiolitə qədər dəyişə bilər. Xüsusilə qanunsuz tərkibli mayelərdən istifadə riski artırır.

Siqareti tərgitdikdən sonra ağciyərlər bərpa oluna bilərmi?

Həkim vurğulayıb ki, uzun illər siqaret çəkdikdən sonra ağciyərlərin əvvəlki vəziyyətinə tam qayıtması mümkün olmaya bilər. Bununla belə, tütündən imtina orqanizmdə müsbət dəyişikliklərə şərait yaradır.

Onun sözlərinə görə, siqareti tərgitdikdən bir il sonra infarkt riski təxminən iki dəfə azalır. Beş il ərzində isə siqaretlə əlaqəli ağciyər xərçəngi riski 50 faiz aşağı düşə bilər.

Kosmının bildirib ki, siqaretdən nə qədər tez imtina edilərsə, ağciyər funksiyalarını qorumaq və itirilmiş imkanların bir hissəsini bərpa etmək ehtimalı bir o qədər yüksəkdir. Geri dönməz struktur dəyişiklikləri yaranmazdan əvvəl, xüsusilə müntəzəm siqaret istifadəsinin ilk 10–15 ilində tərgitmək daha böyük əhəmiyyət daşıyır.

Həkim insanlara bir zərərli vərdişi digəri ilə əvəz etmək əvəzinə, siqaretdən mümkün qədər tez və tamamilə imtina etməyi tövsiyə edib.

Samir
 

0