Sağlamlıq qayğısı nə vaxt narahatlığa çevrilir? - Həkim xəbərdarlıq etdi

SAĞLAMLIQ
11:00 / 23.11.2026
57

Sağlamlığı izləmək üçün ağıllı saatlardan, mobil tətbiqlərdən və mütəmadi laborator analizlərdən istifadə etmək faydalı olsa da, bu vərdişlər bəzən əks təsir göstərə bilər. Göstəricilərə həddindən artıq diqqət yetirmək və hər kiçik dəyişiklikdə xəstəlik axtarmaq insanda davamlı narahatlıq yarada bilər.

HİT.az xəbər verir ki, bu barədə rusiyalı nevroloq, tibb elmləri namizədi, VERBA Tibb Kurortunun fizioterapiya şöbəsinin müdiri Svetlana Vostryakova “Gazeta.ru”ya açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, hər hansı tibbi göstəricinin normadan kənara çıxması avtomatik olaraq xəstəliyin mövcudluğunu göstərmir. Eyni zamanda, analiz nəticələrinin norma daxilində olması da bütün sağlamlıq problemlərinin istisna edilməsi demək deyil. Nəticələr yalnız insanın şikayətləri, xəstəlik tarixçəsi və ümumi vəziyyəti nəzərə alınmaqla həkim tərəfindən qiymətləndirilməlidir.

Mütəxəssis bildirir ki, sosial şəbəkələrdə yayılan sağlamlıq məzmunları da bu narahatlığı artıra bilər. Bloqerlərin gizli vitamin çatışmazlığı, mütləq yoxlanılmalı analizlər və müxtəlif xəstəliklər barədə paylaşımları insanlarda öz sağlamlığını daim yoxlamaq ehtiyacı yaradır.

Davamlı narahatlıq və xroniki stress isə bir-birini gücləndirərək yuxu problemlərinə səbəb ola bilər. Uzunmüddətli stress sinir sisteminin fəaliyyətinə, həmçinin beyin və bağırsaq arasındakı əlaqəyə təsir göstərir. Nəticədə həzm sistemində dəyişikliklər, yeni fiziki əlamətlər və narahatlıq yarana bilər. İnsan bu simptomları gördükcə göstəricilərini yenidən yoxlayır və daha çox təşviş keçirir.

Sağlamlığa diqqət nə vaxt hiper nəzarətə çevrilir?

Vostryakovanın fikrincə, sağlamlığa diqqət yetirmək, düzgün qidalanmaq, vaxtında yatmaq və həkim tövsiyəsi ilə analizlər vermək müsbət vərdişlərdir. Problem bu addımların daimi qorxu və narahatlıqla müşayiət olunmağa başlamasıdır.

Həkim sağlam yanaşma ilə həddindən artıq nəzarət arasında əsas fərqin insanın özünü yoxladıqdan sonra gündəlik həyatına qayıda bilməsində olduğunu vurğulayıb. Əgər göstəriciləri yoxladıqdan sonra insan rahatlaşır və işlərinə davam edirsə, bu, normal yanaşmadır. Lakin rəqəmlər barədə düşüncələrdən qurtula bilmirsə, gecələr yata bilmirsə və bu narahatlıq gündəlik həyatına mane olursa, sağlamlıq məlumatlarının izlənilməsini məhdudlaşdırmaq lazımdır.

Mütəxəssis ağıllı saat və digər izləmə cihazlarının göstəricilərinə hər gün deyil, həftədə bir dəfə və ümumi dinamika baxımından nəzər salmağı tövsiyə edir. Analizlər isə həkim təyinatı ilə verilməli, nəticələr mütəxəssislə müzakirə olunmalıdır.

Həkimin qənaətinə görə, sağlamlığa düzgün yanaşma nəzarətdən tamamilə imtina etmək deyil, bu nəzarətin sərhədlərini bilməkdir. Ayrı-ayrı rəqəmlərə deyil, ümumi vəziyyətə və zamanla baş verən dəyişikliklərə diqqət yetirmək vacibdir.

Samir
 

0