Genetik kodda izaholunmaz rəqəm qanunauyğunluqları aşkarlandı

SAĞLAMLIQ
17:21 / 22.11.2026
26

Alimlər canlı orqanizmlərin irsi məlumatlarını daşıyan genetik kodda qeyri-adi riyazi qanunauyğunluqlar aşkar ediblər. Tədqiqatçıların diqqətini xüsusilə təsadüfi olması gözlənilən bir sıra ədədlərin 111-ə bölünməsi və aralarındakı izaholunmaz simmetriyalar cəlb edib.

HİT.az xəbər verir ki, bu barədə “Gazeta.ru”ya Rusiya Elmlər Akademiyasının Astronomiya üzrə Elmi Şurasının “Kainatda həyat və zəka” bölməsinin rəhbəri, astrofizik, fizika-riyaziyyat elmləri doktoru Aleksandr Panov danışıb.

Alimin sözlərinə görə, o, həmmüəllifi Feliks Filatovla birlikdə genetik kodda müşahidə olunan qeyri-adi ədədi nümunələrə dair elmi məqalə dərc etdirib. Araşdırma zamanı normalda təsadüfi paylanmalı olan çoxsaylı ədəd qruplarının 111-ə bölündüyü müəyyən edilib.

Panov bildirib ki, bu qanunauyğunluqların yaranma səbəbi hələlik məlum deyil. Bundan başqa, müxtəlif ədədi nümunələr arasında müəyyən simmetriyalar da müşahidə olunub ki, onların da elmi izahı tapılmayıb.

Genetik kod hüceyrələrin DNT-də saxlanılan məlumatı zülallara çevirməsini təmin edən qaydalar sistemidir. Başqa sözlə, o, canlı hüceyrənin bir növ “lüğəti” rolunu oynayır. Məlum olan bütün Yer canlılarında – bakteriyalardan tutmuş insana qədər – bu kodun əsas prinsipləri eynidir və həyatın ən qədim mexanizmlərindən biri hesab olunur.

Bu kəşfin yadplanetlilərin axtarışına nə aidiyyəti var?

Maraqlıdır ki, araşdırma Yer kürəsindən kənarda ağıllı həyatın axtarışı ilə də əlaqələndirilir. SETI proqramı çərçivəsində alimlər kosmosdan gələn siqnalların süni mənşəli olub-olmadığını müəyyənləşdirməyə çalışırlar.

Panovun fikrincə, bir siqnalın süni mənşəli olduğunu göstərən ən etibarlı əlamətlərdən biri onun daxilində mənalı informasiya daşımasıdır. Lakin genetik kod üzərində aparılan araşdırma məlumat toplusunun təsadüfi, yoxsa müəyyən məna daşıyan quruluş olduğunu ayırd etməyin heç də həmişə asan olmadığını göstərir.

Qeyd edək ki, Panov bioloq deyil. Onun genetik koda marağı əsasən yadplanetli sivilizasiyaların axtarışında istifadə olunan süni informasiya nümunələrini tanıma metodlarının sınaqdan keçirilməsi ilə bağlıdır.

Bununla belə, aşkarlanan ədədi qanunauyğunluqların yadplanetlilərin müdaxiləsinə və ya genetik kodun süni şəkildə yaradılmasına sübut olmadığını vurğulamaq vacibdir. Söhbət hələlik səbəbləri izah edilməmiş riyazi müşahidələrdən gedir.

Samir
 

0