Həkim demensiyanın ilk əlamətlərini açıqladı: Hansı dəyişikliklərə diqqət yetirmək lazımdır?

SAĞLAMLIQ
19:00 / 22.11.2026
50

Demensiya sadəcə yaşla bağlı unutqanlıq deyil. Bu xəstəlik insanın yaddaşına, nitqinə, düşünmə qabiliyyətinə və gündəlik işlərini müstəqil yerinə yetirməsinə tədricən təsir göstərir. Mütəxəssislər bildirirlər ki, ilkin əlamətlərin vaxtında aşkarlanması xəstəliyin gedişinə nəzarət və həyat keyfiyyətinin qorunması baxımından vacibdir.

HİT.az xəbər verir ki, bu barədə Ukraynanın UNIAN nəşrinə açıqlamasında Odrex Tibb Mərkəzinin nevroloqu Oleq Tanye­yev danışıb.

Həkimin sözlərinə görə, demensiya yaşlanmanın qaçılmaz nəticəsi deyil. Bu sindrom zamanı beynin yaddaş, diqqət, düşünmə, nitq, məkan oriyentasiyası və qərarvermə kimi koqnitiv funksiyaları tədricən zəifləyir.

İlkin mərhələdə insan yaxın zamanda baş verən hadisələri və söhbətləri unutmağa başlayır. Eyni sualları dəfələrlə vermək, verilən məlumatı qısa müddət sonra xatırlamamaq, görüşləri və verilən sözləri unutmaq əsas xəbərdarlıq əlamətlərindəndir. Əşyaların qeyri-adi yerlərə qoyulması və sonradan onların harada olduğunu xatırlamamaq da bu simptomlar sırasındadır.

Bundan başqa, demensiya gündəlik davranışlarda da özünü göstərə bilər. İnsan kommunal ödənişləri həyata keçirməkdə, alış-verişi planlaşdırmaqda, məişət cihazlarından istifadə etməkdə və hətta yaxşı tanıdığı küçələrdə istiqamət tapmaqda çətinlik çəkə bilər. Sözləri xatırlamaq üçün daha çox vaxt sərf etməsi, əsəbilik, şübhəçilik və əvvəllər maraq göstərdiyi fəaliyyətlərə laqeyd yanaşması da diqqət tələb edən dəyişikliklərdir.

Yaddaşı ev şəraitində yoxlamaq mümkündürmü?

Nevroloq bildirir ki, yaddaş və diqqətin zəifləməsi hər zaman demensiya demək deyil. Depressiya, narahatlıq, yuxusuzluq, qalxanabənzər vəzinin fəaliyyətində pozuntular, B12 vitamini çatışmazlığı, infeksiyalar və bəzi dərmanlar da oxşar əlamətlər yarada bilər. Görmə və eşitmə problemləri də insanın məlumatı qəbul etməsinə və ünsiyyətinə mənfi təsir göstərə bilər.

Koqnitiv funksiyaların ilkin qiymətləndirilməsi üçün istifadə olunan sadə üsullardan biri Mini-Cog testidir. Bu test üç tapşırıqdan ibarətdir: insandan üç sözü yadda saxlaması, göstərilən vaxta uyğun saat çəkməsi və daha sonra həmin sözləri xatırlaması istənilir.

Bundan əlavə, yaddaş, diqqət, nitq və düşünmə qabiliyyətini qiymətləndirən MoCA, eləcə də ümumi koqnitiv vəziyyəti yoxlayan MMSE testlərindən istifadə olunur.

Lakin həkim bu testlərin internet üzərindən müstəqil şəkildə keçirilməsini və nəticələrə əsasən diaqnoz qoyulmasını məsləhət görmür. Çünki testlər mümkün pozuntuları üzə çıxarsa da, onların səbəbini müəyyənləşdirmir.

Hansı həkimə müraciət etmək lazımdır?

Yaddaş və davranış dəyişiklikləri müşahidə edildikdə ilk növbədə ailə həkiminə və ya nevroloqa müraciət etmək tövsiyə olunur. Müayinələr zamanı qan analizləri, qalxanabənzər vəzinin fəaliyyəti, B12 vitamini, qlükoza və digər göstəricilər yoxlanıla bilər. Zərurət yarandıqda beynin vəziyyətini qiymətləndirmək üçün MRT və ya KT müayinəsi də təyin edilir. Bəzi hallarda psixiatr və ya geriatrın konsultasiyasına ehtiyac yaranır.

Mütəxəssis yaxınlarına da tövsiyə edir ki, həkim qəbuluna gedərkən dəyişikliklərin nə vaxt başladığını, necə inkişaf etdiyini və hansı gündəlik işlərdə çətinlik yarandığını əvvəlcədən qeyd etsinlər.

Nevroloqun sözlərinə görə, demensiyanı hazırda tamamilə sağaltmaq mümkün olmasa da, xəstəliyin səbəbindən və mərhələsindən asılı olaraq müalicə vasitələri bəzi simptomları yüngülləşdirə, bəzi hallarda isə koqnitiv funksiyaların zəifləməsini ləngidə bilər.

Həkim xüsusilə qəfil yaranan yaddaş pozuntusu və çaşqınlığa diqqət çəkib. Belə hallar təkcə demensiya ilə deyil, insult, infeksiya və ya maddələr mübadiləsinin pozulması ilə də əlaqəli ola bilər. Buna görə də qəfil dəyişikliklər zamanı təcili tibbi yardım almaq vacibdir.

Samir
 

0