Qəhvəyə hansı südü əlavə etmək daha faydalıdır?

SAĞLAMLIQ
16:28 / 24.11.2026
39

Qəhvəsinə bitki mənşəli süd əlavə edənlər üçün mütəxəssislərdən xəbərdarlıq gəlib. Kardioloq Minhal Makşud ürək sağlamlığı baxımından ən faydalı seçimin şəkərsiz soya südü olduğunu bildirib. Onun fikrincə, yulaf südü isə xüsusilə şirinləşdirilmiş formada istehlak edildikdə arzuolunmaz nəticələrə səbəb ola bilər.

HİT.az xəbər verir ki, bu barədə Polşanın “Kobieta Onet” portalı məlumat yayıb.

Həkimin sözlərinə görə, bitki mənşəli südlər arasında ürək-damar sistemi üçün eyni dərəcədə faydalı olan universal seçim yoxdur. Bununla belə, bəzi növlər sağlamlıq baxımından daha üstün hesab edilir.

Makşud şəkərsiz soya südünü ən yaxşı alternativlərdən biri kimi qiymətləndirib. O bildirib ki, bu məhsul tam dəyərli zülal mənbəyidir və qanda xolesterinin səviyyəsinin tənzimlənməsinə kömək edə bilər.

2019-cu ildə 46 nəzarətli tədqiqatın nəticələrini əhatə edən meta-analiz də bu fikri dəstəkləyir. Araşdırmaya əsasən, gündəlik təxminən 25 qram soya zülalının qəbulu zərərli hesab edilən LDL xolesterinin səviyyəsini 3-4 faiz azalda bilər.

Kardioloqun tövsiyə etdiyi digər seçim isə şəkərsiz badam südüdür. Bu içki təbii olaraq daha az kalori və karbohidrat ehtiva edir. Lakin zülal miqdarına görə soya südündən geri qalır.

Mütəxəssis qəhvə üçün ən az üstünlük verdiyi variantın isə yulaf südü olduğunu bildirib. Onun əsas narahatlığı bu məhsulların bir çoxunda əlavə şəkərin olması ilə bağlıdır.

Həkim xəbərdarlıq edir ki, xüsusilə şərbət əlavə edilmiş böyük ölçülü yulaf südlü latte bəzi hallarda qazlı şirin içkilərlə müqayisə edilə biləcək qədər şəkər ehtiva edə bilər.

Şirinləşdirilmiş içkilərin müntəzəm istehlakı çəki artımına, insulin müqavimətinə, triqliseridlərin yüksəlməsinə və xroniki iltihab proseslərinə səbəb ola bilər. Bunlar isə ürək-damar xəstəlikləri riskini artıran amillər sırasındadır.

Bununla belə, kardioloq yulaf südündən tamamilə imtina etməyi tövsiyə etmir. Şəkərsiz məhsullara üstünlük vermək və qablaşdırmanın üzərindəki tərkib məlumatlarını diqqətlə yoxlamaqla onu da sağlam qidalanmanın bir hissəsi kimi istifadə etmək mümkündür.

Samir

0